Belə görünür ki, Bakıda taksi xidmətini gözdən salanlar əsasən "Uber" sürücüləridir. Şikayətçi deyir ki, bu şirkətin sürücüləri 30 metrlik məsafədən “çatdı” düyməsini vurur ki, marşruta baxa bilsin. Çünki müştərinin yanına çatmadan hara gedəcəyini bilmir. Sonra naviqasiyada marşrutu alıb baxır, xoşuna gəlmədisə, qaçıb uzaqda dayanır və bir azdan sifarişi ləğv edir – guya müştəri "hadisə yerində" tapılmadı.
99 OF 470 nömrə nişanlı "Hyundai Verna" markalı avtomobilin sürücüsü Məmməd Məlikov da müştəriyə qarşı məhz belə davranıb. Uzun müddət gözləməyə məcbur edib və sonra “aradan çıxıb”: “Belə özbaşınalığa görə, çoxdandər "Uber" taksilərindən istifadə etmirdim. Lazım olanda "Bolt" istifadə edirəm və xidmətdən razıyam. Xəstəxanada müayinədən çıxmışdım, çox narahat idim, evə tez çatmaq istəyirdim. "Bolt"-u yoxladım, 7 dəqiqəyə gələcəyini görüb, düşündüm ki, "Uber"i də yoxlayım, həm də görüm, bi şirkət düzəlibmi... 5 dəqiqəyə gələcəyini yazdı. Sifariş verdim. 10-12 dəqiqə gözləyəndən sonra naviqasiyada taksinin yaxınlaşdığını gördüm. Baxdım ki, 30-40 metr aralıdan “çatdı” mesajı göndərdi. Gözümlə axtardım və işıqforda dayanıb telefonda eşələndiyini gördüm. Yaşıl işıq yananda isə sağa dönüb “aradan çıxdı”. Təxminən 100 metr aralanıb dayandı. Sonra məni 6 dəqiqə də bu yolla ləngitdi. Bu müddət ərzində onun 055319185* mobil nömrəsinə 3 dəfə zəng etdim, amma cavab vermədi. Sonra sifarişi ləğv edib getdi. Halbuki məni ləngitmədən adam kimi zəng edib xahiş etsəydi, elə özüm də sifarişi ləğv edərdim. Əvvəllər də sifarişin ləğv olunması ilə rastlaşmışam, amma onlar, adətən, zəng edib xahiş edirlər ki. sifarişi özüm ləğv edim. Belə olanda adam incimir, çünki sürücü səni ləngitmir. Amma bu sürücü məni xəstə vəziyyətdə 15 dəqiqədən çox ləngitdi.
Uber şirkətinə şikayət yazdım, email ünvanıma şikayəti aldıqlarını təsdiqlədilər, amma heç bir cavab və tədbir yoxdur”.
Belə-belə işlər... İndi şofer Məmmədi danışdırsanız, elə ağlayar ki, yazığınız gələr. Amma harınlığın dərəcəsinə baxın ki, adam sifarişləri öz kefinə uyğun seçir. Yəqin ki, əvvəllər də onunla bağlı belə şikayətlər çox olub. Şirkət isə vecinə də almır. İnterneti axtarsanız, "Uber"-lə bağlı çoxlu belə, məhz bu növ şikayətlərə rast gələrsiniz. Amma düzəlmək kimi amacları yoxdur. Əsas odur ki, qazanc-filan öz yerindədir. İnsanları qeyri-insan yerinə qoymaq problem deyil - çünki özlərini artıq “yekəpər” məmura bağlayıblar.
Ona görə də hədəfimiz heç də bu şirkətlər olmalı deyil. İctimai qınağın hədəfi belələrini himayə edən dövlət qurumları və onların məmurları olmalıdır.
Şikayətçi deyir ki, faktla bağlı müvafiq nəzarətçi dövlət qurumlarına xidmət səviyyəsi, o cümlədən istehlakçı hüquqları ilə bağlı da şikayət edəcək. Hər halda o şikayətlərə dövlət qurumlarının reaksiyasından çox şey bəlli olacaq: Himayə, yoxsa nəzarət...
Qeyd edək ki, digər xidmət şirkətləri ilə bağlı bu növ şikayətlər ya çox az gəlir, ya da heç gəlmir. İnsaf naminə hamısını tərəzinin eyni gözünə qoymaq lazım deyil.
Bizimyol.info






