Maliyyə piramidaları asan yolla, əziyyətsiz pul qazanmaq istəyənləri illərdir ziyana salır, amma insanlar aldanmaqdan yorulmur. Şəbəkə biznesi hər il milyonların yeyilməsinə səbəb olur. Bir müddət əvvəl “Instapower” haqıqnda yazmışdıq. Qeyri-rəsmi hesablamaya görə, müştərilərin azı 6 milyon manatı batmışdı. Şəbəkə dələduzları yoxa çıxdı, kimisə məsuliyyətə cəlb etmək mümkün olmadı. Buna baxmayaraq, maliyyə piramidaları ölkədə hələ də at oynadır.
Bizimyol.info xəbər verir ki, “TikTok”un tanınmışları şəbəkə dələduzlarını reklam edir. Sosial platformada məzəli videoları ilə seçilən insanlar yeni ortaya çıxmış “Oilapp” layihəsinə pul yatırmağa səsləyir. “Canab Ulvi” profilində “komediya usta”larından ikisinin reklam videosu yer alıb. Guya aylardır 150 manatını ala bilməyən şəxs borc verdiyi adamın yaxasından yapışır, pulunu istəyir. Borcu olan deyir ki, “beş dəqiqə gözlə, verəcəyəm”. Pulunu almağa gələn qəzəblənir ki, “aylardır pulu vermirsən, beş dəqiqəyə necə verəcəksən?!” Həmin adam da “Oilapp”a investisiya qoyduğunu, pulunun hər dəqiqə artdığını deyir.
“Oilapp” saytında yeni şəbəkə biznesi investisiya layihəsi kimi təqdim olunub. Burada hər gün mənfəət əldə etmək üçün saytda qeydiyyatdan keçmək təklifi diqqət çəkir. Oxuyuruq: “OilApp” elə hazırlanıb ki, hətta sıfır ticarət təcrübəsi olan investorlar da uğurla qazanc əldə edirlər. Proqramımız hər hansı digər proqramdan fərqli olaraq, bazar şəraitindən asılı olmayaraq investorlar üçün günlük qazanclara zəmanət verir”.
Bir az aşağıda video yerləşdirilib. Gənc oğlan skamyada əyləşib. Telefonuna zəng gəlir. Fonda səs eşidilir: “Adım Tahirdir. Özüm işçi sinfiyəm. İş axtarışında olmuşam”. Zəng vuran Tahiri işə məsuliyyətsiz yanaşmaqda ittiham edir. O isə özünə bunun maraqlı görünmədiyini deyir. Bundan sonra gənc bir milyon dollarla bağlı xəyallar qurur: “Bir gün araşdırma edirdim.
Qarşıma “Oilapp” adlı yatırım şirkətinin saytı çıxdı. Bu da mənim marağıma səbəb oldu. Saytda şirkəti analiz elədim. Burada hər şey var. Müştərilərin anında cavablandırılması daha çox diqqətimi çəkdi. Qeydiyyatdan keçdim, şəxsi hesabım açıldı. 50 dollar yatırım elədim. İndi qazancım yatırdığım məbləğdən daha çoxdur”.
Bütün bunlar bizə tanışdır. İnsanları şirnikləndirirlər, pullarını əlindən alırlar. Sistem belədir ki, şəbəkə biznesinə qoşulan hər şəxs bura tanışlarını cəlb etməlidir. Beləcə, piramida effekti yaranır. Hər gələn cəlb etdiklərinin hesabına müəyyən qədər qazanmalıdır. Hamının qazanması mümkünsüzdür. Bir mərhələdən sonra heç kimə pul ödənilmir. Şəbəkə biznesini yaradanlar da yoxa çıxır. Belə təkliflərə qətiyyən yaxın getmək olmaz. İqtisadi əsasları olmayan layihə hər hansı qazanc gətirə bilməz. Bu işdə əli olan hər kəs isə məsuliyyətə cəlb olunmalıdır. Çünki söhbət invesitisiya layihəsindən yox, dələduzluq aktından gedir.
Aytən, Bizimyol.info






