Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarovun özü və ailə üzvlərinə məxsus müsadirə olunmuş təxminən 30 milyonluq əmlakın özlərinə qaytarılması haqda Bakı Apellyasiya Məhkəməsinin qərarına prokurorluq etiraz edir. Baş Prokurorluq bu qərardan Ali Məhkəməyə kassasiya protesti verib.
Bu barədə Bizimyol.info-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Akif Çovdarovla yanaşı, vaxtilə onun rəhbərlik etdiyi idarənin işçisi olmuş, onunla eyni cinayət işi üzrə məhkum edilən polkovnik Səlim Məmmədovun əmlaklarının da müsadirədən azad edilməsinə qərar verilmişdi. Baş Prokurorluq Səlim Məmmədova münasibətdə də kassasiya protesti verib.
Akif Çovdarov 2015-ci ilin sonunda həbs olunanda onun özü və yaxınlarına məxsus xeyli əmlakın üzərinə həbs qoyulmuşdu. Bu əmlakların ümumi dəyəri istintaq dövründə 32 milyon 256 min manat qiymətləndirilmişdi.
2017-ci ildə Bakı Hərbi Məhkəməsində Akif Çovdarova hökm oxunub, 12 il həbs cəzası veriləndə bu əmlakların əksər hissəsinin müsadirə olunmasına qərar verilsə də, bir hissəsi alınması. Məsələn, generalın Badamdar qəsəbəsindəki villaları, 9-cu mikrorayon ərazisindəki evlər və s.
Akif Çovdarov heç cəzasının yarısını çəkmədən – 2020-ci ilin aprelində əfv sərəncamıyla azadlığa buraxıldı.
Müsadirə olunan əmlaklar Akif Çovdarovun ailə üzvlərinin adına idi. Ona görə də yaxınları əmlakların geri qaytarılması üçün məhkəmələrə şikayətlər verirdilər. 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsində Habil Məmmədovun sədrliyilə, İlqar Murquzov və Həsən Əhmədovdan ibarət hakimlər kollegiyası Akif Çovdarov və ailə üzvlərinin təxminən 30 milyon manatlıq əmlaklarının geri qaytarılmasına qərar verdi.
Onların arasında aşağıdakı əmlaklar vardı:
Bakı şəhəri, “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzinin səhmlərinin yarısı - 8.1 milyon manat;
Biləcəri qəsəbəsində 560 kv.metr torpaq sahəsi – 95 min manat;
Biləcəri qəsəbəsində 0,06 hektar torpaq sahəsi – 300 min manat;
Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kv.metr qeyri-yaşayış sahəsi – 231 min 500 manat;
Xətai rayonu, Məhəmməd Hadi küçəsində mənzil – 125 min manat;
Nəsimi rayonu, Bülbül prospektində mənzil – 483 min manat;
Novxanı qəsəbəsində torpaq sahələri – 86 min manat və 71 min manat;
Novxanı qəsəbəsində bağ evi – 800 min manat;
Novxanı qəsəbəsində bağ evi – 700 min manat;
Saray kəndində torpaq sahələri – 60 min manat, 203 min manat, 59 min 500 manat;
Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi – 400 min manat;
Qəbələ rayonu Nohurqışlaq kəndində torpaq sahələri – hər biri 15 min manat;
Şamaxı rayonu Nağaraxana kəndində torpaq sahələri və tikililər – ümumilikdə 4 milyon 310 min manat;
Kürdəmir rayonunun müxtəlif kəndlərində torpaq sahələri və təsərrüfatlar – 640 min manat;
Kürdəmir şəhərində “Ərşəli yeri” adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 min nar kolu – 208 min manat;
Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində yerləşən qarajlar – 96 min manat;
Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsində 4941 kv.metrlik 6 mərtəbəli bina – 3 milyon 178 min manat;
Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində 7 mərtəbəli qeyri-yaşayış binası – 4 milyon 500 min manat.
Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına Akif Çovdarov belə münasibət bildirmişdi:
“Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətin sərəncamı əsasında verilib...”
Yarısı Akif Çovdarovun qızının adına olan “8-ci kilometr bazarı”nın keçmiş sahibi Çingiz Əsədov deyir ki, bu bazarı Aidə Qasımovaya qaytarmaqla məhkəmə qanunsuzluq edib. Çünki bu əmlakın zorla alındığını sübut edəın çoxsaylı faketlar cinayət işində əksini tapıb.
Bu ticarət mərkəzinin səhmlərinin 50 faizi Çovdarovun qızı Aidə Qasımovaya məxsusdur. Qalan 50 faizi isə keçmiş Milli Təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.
Cinayət işinin materiallarından məlum olur ki, 2005-ci ildə bazarı sahibi, “Maral-Veqa” MMC-nin təsisçisi Cəfər Səfərov və qardaşlarının əlindən zorla alıblar. Sonradan bazarın səhmlərinin 50 faizi Akif Çovdarovun qızının, 50 faizi isə Hilal Əsədovun həyat yoldaşının adına keçirilib.
Çingiz Əsədov iddia edir ki, onu bazardan imtina edib, MTN generallarına verməyə məcbur ediblər.
Çingiz Əsədov da Ali Məhkəməyə şikayət verib.
Aytən, Bizimyol.info






