“Münxen konfransında dəhlizlə bağlı bir neçə məsələdə razılığa gəlinmişdi. Dünən də Qarabağda yaşayan ermənilərlə dialoq üçün Azərbaycan rəsmilərinin tərkib heyəti təsdiqləndi və proses elə dünən başladı. İlk görüş sülhməramlıların iştirakı ilə Qarabağ erməni icmasının nümayəndələri arasında baş tutdu”…
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov ötən gün Xocalıda keçirilən görüşü şərh edərkən danışıb. Deputat hesab edir ki, bu sahədə Azərbaycanı hələ çox işlər gözləyir. Onun sözlərinə görə, əsrlərin kin-küdrətini birdən-birə söküb atmaq mümkün deyil. Lakin Azərbaycan dövləti öz humanist davranışlarıyla tezliklə Qarabağdakı erməni icmasına onların şüuraltında bu günə kimi formalaşdırılan fikirlərin yalnış olduğunu sübut edəcək.
Müşfiq Cəfərov qeyd edib ki, hazırda istər Ermənistan hakimiyyəti, istərsə də onun havadarları olan xarici ölkələr Qarabağda məskunlaşan kiçik bir qisim vətəndaşları himayə etmək adıyla Azərbaycan torpaqlarında sülhə maneə olmağa çalışır. Məhz bu səbəbdən də bu günə kimi bu icmayla Azərbaycan hökumətinin birbaşa danışıqları baş tutmurdu.
“Bu görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycan Respublikasına reinteqrasiyası məsələsinə dair ilkin müzakirələr aparılıb, fikirlər irəli sürülüb”-deyən deputatın fikrincə, bundan sonra da görüşlər mütəmadi olaraq davam etdiriləcək.
Müşfiq Cəfərov hesab edir ki, tezliklə sülhün olması üçün Qarabağda məskunlaşmış erməni əsilli vətəndaşlarla danışıqların davamlılığı olduqca vacibdir.
Xatırladaq ki, ötən gün Xocalı şəhərində Azərbaycan nümayəndə heyəti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndələri arasında görüş keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə edilib.
İradə Cəlil, Bizimyol.info






