Bir neçə gün əvvəl Ermənistana səfər edən Fransanın keçmiş baş naziri Eduard Flip deyib ki, Azərbaycan Laçın dəhlizini bağlamaqla Qarabağda humanitar böhrana səbəb olur. Eyni zamanda Flip hesab edir ki, Avropa İttifaqının mülki missiyasının Ermənistan ərazilərində yerləşdirilməsi, Qarabağda yaşayan ermənilərin həyatı üçün mühüm rol oynayacaq. Flip Azərbaycanı müxtəlif məsələlərdə ittiham edib. Ümumiyyətlə Fransanın Azərbaycana qarşı olan qərəzi təkcə lider Makronun anti-Azərbaycan davranışları ilə özünü sərgiləmir. Fransa senatı və Fransa rəsmiləri elə düşünür ki, Ermənistan yazıq, kiçik bir ölkədir və Azərbaycan bu ölkəni işğal edib, zülmə məruz qoyur.
Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə davranışlara görə Fransa heç bir danışıqlarda iştirak etmir, etməyəcək də. Çünki, onların öz iqtisadi-siyasi maraqları var. Ermənistanın qismində, özlərinə bir müstəmləkə axtarırlar.
Arzu Nağıyev“Onlar Türkiyə ilə Ermənistanın, eyni zamanda Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşmasını istəmirlər. Ona görə də belə bəyanatlarla çıxış edirlər. Məlum məsələdir ki, hər hansı bir müharibə olarsa, Fransa ora qoşun çıxara bilməz, hərbi birləşmə gətirə bilməz”.
Deputat bildirib ki, Avropa İttifaqı missiyasının tərkibi kəşfiyyatçılardan ibarətdir. Onlar Azərbaycan ərazisini vizual şəkildə öyrənmək üçün həmin ərazilərə gətirilib.
“Fransa rəsmiləri sadəcə bəyanat verə bilərlər. Çünki onlar bütün danışıqlardan kənarlaşdırılıblar. Ola bilsin ki, Ermənistan tərəfi bunu istəyir, amma özünə hörmət qoyan heç bir tərəf Fransanın vasitəçiliyi ilə danışıqlara getməz. Vasitəçi kiminsə tərəfini tuta bilməz, hər iki tərəfin maraqlarını nəzərə almalıdır. Bu səbəbdən də, Fransa hər zaman boş-boşuna bəyanat verməklə məşğul olacaq. Danışıqlarda olmayacaq”,- deyə parlamentari bildirib.
İradə Cəlil, Bizimyol.info






