Rusiyanın Ermənistanla Azərbaycan arasında vasitəçiliyinin dayandırıldığı barədə nəticə çıxarmağa ehtiyac yoxdur.
Bizimyol.info xəbər verir ki, bunu 24news telekanalına müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Qərb liderlərinin vasitəçiliyi ilə aparılan danışıqlar, o cümlədən ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin son görüşü ilə bağlı sualı cavablandırarkən deyib.
O xatırladıb ki, bir müddət əvvəl Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etmək üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvana gəlib. Səfir qeyd edib ki, regional məsələlərin bütün spektri üzrə kifayət qədər məzmunlu dialoq baş tutub.
Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşünün təşkili üzrə işlər davam etdirilir. O xatırladıb ki, Ermənistan tərəfi görüşün ləğv edildiyini deməyib, əksinə, hazırkı vəziyyətə görə təxirə salınması barədə çıxış edib.
"Aydındır ki, Ermənistan və Azərbaycan öz dialoq kanallarını seçən suveren ölkələrdir. Rusiyanın mövqeyi ondan ibarətdir ki, nizamlanmanın açarı, ilk növbədə, bir neçə bəyanatda, ən sonda qeyd olunan üçtərəfli sazişlərin həyata keçirilməsidir. Bunlardan biri də 2022-ci ilin oktyabrında Soçidə hazırlanıb və üç liderin imzası var”, - deyə Kopirkin əlavə edib.
Səfirin sözlərinə görə, bu məntiqlə iş davam edir, Rusiya öz mövqeyini bütün tərəflərə açıq şəkildə təqdim edib.
"Biz işi davam etdirməyə hazırıq və hesab edirik ki, bu yol ən praktik və perspektivlidir, bütün tərəflər üçün həssas olan maraqları və məsələləri maksimum dərəcədə nəzərə almağa imkan verir", - deyə rusiyalı diplomat bildirib.
Leyla Mirzə






