Uzun illər köçkün həyatı yaşamış Sərvər Bəşirli indi həm Azərbaycanda, həm də Türkiyədə çox populyardır. O, köhnə “Jiquli”si ilə Türkiyə üçün yardım aparmaqla tanınıb. Üzərinə döşəklər yığılmış nimdaş avtomobilin fotoları sosial mediada sürətlə yayılmışdı. Sonradan bu haqda Türkiyədə də danışmağa başlamışdılar. Məsələnin maraqlı tərəfi Sərvər Bəşirliyə yeni avtomobilin hədiyyə edilməsidir.
Bizimyol.info xəbər verir ki, türkiyəli iş adamı Səbahəddin Civelek azərbaycanlının həssaslığını mükafatlandırmaq qərarına gəlib. “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Sərvərə “Toyota” bağışlayıb. Ona maşını iş adamının dostu, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu təqdim edib. Sərvər Bəşirli avtomobili götürmək istəməyib, onu uzun müddət yola gətirmək lazım gəlib. İndi Adıyamanda zəlzələdən əziyyət çəkənlərə kömək edən yardımsevər Türkiyə mediasına müsahibədə “Jiquli”ni satmayacağını bildirib.
“Mənə maşın hədiyyə edənə çox minnətdaram. Amma bunu yeni avtomobil üçün etməmişdim. Qardaş ölkəyik, yardım etməyi özümə borc bilmişdim. Maşını isə satmaq fikrim yoxdur. Muzeyə verəcəyəm”.
Sərvər müsahibədə evsizliyin nə olduğunu yaxşı bildiyini deyib. O, Laçının işğalından sonra ailəsi ilə köçkün həyatı yaşamağa başlayıb. İmişlidə bir müddət çadırda yaşamaq lazım gəlib.
“Əvvəlcə orada bir ağacın altına sığınmışdıq. O anları heç unutmuruq. Mən evini itirməyin insanın həyatını necə alt-üst etdiyini görmüşəm. Bizə də onda yardım eləmişdilər”.
Sərvərin dediyinə görə, Bakıda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər ictimai birliyinin rəhbəri Hüseyn Büyükfıratla tanış olub, zəlzələ bölgəsinə getmək istədiyini deyib. Beləcə, Adıyamana yollanması baş tutub. Sərvər əmisi oğlunun onun maşınında yardım mərkəzinə göndərdiyi döşəyi Adıyamanda görüb, ehtiyacı olanlardan birinə verib.
“Burada vəziyyət çox ağırdır. İnsanlar küçələrdədir. Durumun ağırlığını sözlə ifadə etmək olmur”.
Aytən, Bizimyol.info






