Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anadoluda yetişən və fransız şərabına ləzzət qatan Muş üzümü
Anadoluda yetişən və fransız şərabına ləzzət qatan Muş üzümü

"Go Türkiye" proqramı çərçivəsində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəvəti, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı və Think turizm agentliyinin dəstəyi ilə 5 gündə Türkiyənin 5 şəhərinə təşkil olunan media-turdan səyahət qeydlərimi sizinlə bölüşürəm.

"Avropanın ən yaxşı havayolu" ünvanına sahib Türk Hava Yolları bizi Bakıdan İstanbula, İstanbuldan Muş şəhərinə çatdırdı. Muş havalimanında bizi qarşılayan TGA Tədbir və Qonaqpərvərlik üzrə mütəxəssis Emir İlker, Think turizm agentliyinin nümayəndəsi Dilara Attioğlu və tur rəhbəri Ramazan Çeliktürk media-tur çərçivəsində səfər istiqamətləri və digər detallar barədə məlumat verdi.

Muş üzümü

Ramazan Çeliktürk: "1800-1900-cü illərdə Sovet İttifaqından olan ruslar burada məskunlaşaraq 40 il qalıblar. O zaman üzüm gətirirdilər və üzüm burada iqlimə çox yaxşı uyğunlaşırdı. Hətta eyni illərdə Fransada məşhurlaşan Bordo şərabının buradan göndərilən üzümlərlə istehsal olunmağa başladığını deyə bilərik".

Tur rəhbərimizin bu sözləri Muşun gizli və bilinməyən tərəfinin aşkarı sayıla bilər. Anadolunun kiçik bir şəhərindən Avropanın mərkəzindəki böyük bir ölkəyə gedən üzüm dənələrinin dəyərini anlamaq üçün uyğun bir istiqamət olduğunu deyə bilərik. Bu məlumatı öyrəndikdən sonra məşhur fransız şərabını içərkən tərkibindəki Anadolu dadını hiss edəcəksiniz.

Muş şəhərində üzümçülük sahəsi son 30 ildə yüksək səviyyədə inkişaf göstərib. Araşdırmalara görə, 1800-cü illərə və 1900-cü illərin əvvəllərinə qədər Muşda üzümçülük ən mühüm gəlir mənbələrindən biri olub. Burada 24 minə yaxın üzüm bağının olduğu və buradan əldə edilən məhsulun ətraf yaşayış məntəqələrinə aparılaraq lazımi mallarla dəyişdirildiyi barədə rəvayətlər var.

İncə qabıqlı, sulu, şəkərli və kəmturş dada sahib olan Muş üzümünün sinciri, danagözü, yazbəyazı, güzbəyazı və kaşmer adlı çeşidləri mövcuddur.

Haspet qalasının ətəklərindəki Mongok bağlarında yetişdirilən üzümləri ilə məşhur olan Muş şəhərinin İncəbel və Mehmetcan bağlarında da yüksək keyfiyyətli üzüm yetişdirilir. Bu bağlarda qara tut, albalı, payız armudu, meyxoş bir dada sahib balaca bəyaz Macirek almasının əkini üçün də şərait yaradılır.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »