Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu onu göstərir ki, Rusiyanın yerini Türkiyə tutacaq"
"Bu onu göstərir ki, Rusiyanın yerini Türkiyə tutacaq"

Qərb ölkələrinin sanksiyaalrının təsirini azalda bilmək üçün Rusiya Asiya ölkələri ilə əlaqələrini genişləndirməyə çalışır. Əsas bazarlardan biri kimi Çin diqqətdədir.

Rusiyanın Çin ilə əməkdaşlığını daha da genişləndirməsi dünya iqtisadiyyatına hər hansı şəkildə təsir edə bilərmi? Və yaxud Mərkəzi Asiyada boşalan Rusiya yerini hansı dövlətlər tuta bilər?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Çin də, Rusiya da Amerikanın formalaşdırdığı təkqütblü dünyanı dağıtmağa çalışır: “Ancaq buna nə qədər nail ola biləcəkləri sual altındadır. Çünki Rusiyanın vəziyyəti kifayət qədər problemlidir.

Turab Rzayev Turab Rzayev

Ukrayna ilə müharibədə Rusiya Ordusunun dünyanın ikinci ordusu kimi təqdimatının mif olduğu ortaya çıxdı. Bütün dünya tərəfindən təklənən Rusiyanın iqtisadi vəziyyəti də yaxşı deyil. Bütün aktivləri dondurulub və gələcəkdə Ukraynanın bərpasına yönləndiriləcək.

Əslində bunlar Çin üçün də açıq bir mesajdır. Çinə açıq mesaj verilir ki, Tayvanda oxşar addım atmağa çalışsa və Qərblə kəllə-kəlləyə gəlməyi düşünsə, Çinin başına nələr gələ bilər.

Çin də bu xəbərdarlıqları ciddiyə alır və dəfələrlə Rusiyaya hər hansı hərbi yardım göstərdiyini inkar edir.

Düzdür, iqtisadi yardımları davam edir. Amma hərbi yardım etməkdən çəkinir. Çünki Çin bilir ki, belə olan halda onun özünü ciddi problemlər gözləyir”,- deyə politoloq bildirib.

T.Rzayev qeyd edir ki, hazırda Çində hakimiyyət daxilində parçalanmalar var. Prezident Si Tsinpin Rusiya ilə daha sıx müttəfiqliyin, Qərbə qarşı durmağın Ukrayna müharibəsində Rusiyanın yanında olmağın tərəfindədir: “Tayvana qarşı genişlənmə planları var. Baş nazir Li Keqiyanq isə daha Qərbpərəst siyasət yürüdür. O fikirlərşir ki, Ukrayna müharibəsində Rusiyanı dəstəkləmək Çini məhvə aparır. Onun fikrincə, Çin böyük bir gəmidir və onu doğru idarə etmək lazımdır. Kiçik bir xəta o gəmini batıra bilər. Baş nazir açıq şəkildə bildirir ki, Çin Rusiyanın iqtisadi cəhətdən düşdüyü durumdan örnək almalıdır. Bu səbəbdən Rusiyadan uzaq durmalıdır və ABŞ-la sadəcə iqtisadi əməkdaşlıq edib, iqtisadi rəqabətdə olmalıdır”.

T.Rzayev vurğulayıb ki, bu gün Çinin daxilində Si Tsinpin əleyhinə aksiyalar keçirilir. Belə bir halda Çinin Rusiyaya hər hansı bir hərbi yardım edəcəyi və yaxud hansısa təsir imkanlarının olması mümkün deyil.  Əgər Rusiyada ciddi bir zəifləmə olarsa, o zaman Çinin təsirləri arta bilər. Belə ki, əgər Rusiya parçalanmasa, indiki kimi qalsa, Çin ilə Rusiya qarşılıqlı şəkildə siyasi və hərbi cəhətdən bir-birindən asılı olacaq.

T.Rzayevin fikrincə, Rusiyanın zəifləməsi Çinə Rusiyadakı təsirini artırmağa imkan yarada bilər. Amma Çinin ümumi dünya iqtisadiyyatına təsirinin artacağı gözlənilən deyil.

“Rusiya tamamilə parçalanarsa, o zaman Çin Rusiyanın bəzi ərazilərinə ekspansiya edə bilər. Və yaxud Mərkəzi Asiyaya ekspansiya etmək istəyir ki, bunun qarşılığında da, kifayət qədər Türkiyə, Britaniya, Avropa İttifaqı, Amerika və Hindistan öz təsirini artırır. Yəni Çinin hansısa ekspansiya şəraitində Hindistan-Çin rəqabəti açıq müstəviyə keçə bilər, ya da Hindistan-Çin müharibəsi başlaya bilər”,- deyən politoloq hesab edir ki, Türkiyənin Mərkəzi Asiyada artan təsiri, Azərbaycan - Türkmənistan - Türkiyə - Qazaxstan arasında qaz müqaviləsi onu göstərir ki, Mərkəzi Asiyada Rusiyanın boşalan yerini məhz Türkiyə və Türk dünyası tutacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »