Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər ay 25 min Əmək Müfəttişlişliyinin rəisinə göndərirdim, o da nazirə verirdi”
“Hər ay 25 min Əmək Müfəttişlişliyinin rəisinə göndərirdim, o da nazirə verirdi”

Hazırda ev dustaqlığında olan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 27 milyon manatlıq mənimsəmə və rüşvət almada ittiham olunan Səlim Müslümovun məhkəməsi davam edir.

Yarım ilə yaxındır ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Sabiq nazirin işi üzrə yeyinti və rüşvətalma epizodları o qədər geniş və çoxşaxəlidir ki, hər məhkəmə iclasında yeniləri üzə çıxır.

Bizimyol.info xəbər verir ki, dekabrın 12-də keçirilən məhkəmə iclasında nazirliyin tabeliyində olan Dövlət Əmək Müfəttişliyi və bu qurumun rəisi vasitəsilə əldə olunan, nazir Səlim Müslümova çatdırılan vəsaitlərdən bəhs olunub.

Məhkəmədə əvvəl nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəis müavini Bəxtiyar İsgəndərov dindirilib. O, 2014-cü ildə sosial evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılmış 20 milyon manat haqda ifadə verib.

Səlim Müslümov Səlim Müslümov

2013-2016-cı illərdə Tikilməkdə olan obyektlər idarəsini rəis müavini, 2016-cı ildə isə nazirlikdə Tender Komissiyasının üzvü olduğunu deyən Bəxtiyar İsgəndərovun sözlərinə görə, sosial evlərin tikintisi üçün tenderlər elan edilirdi. Amma bu tenderlər sadəcə, sənəd üzərində idi. Çünki nəticələr əvvəldən bəlli olurdu:

“Bütün tenderlər formal keçirilib. Bütün bu işləri Səlim Müslümovun tapşırığı ilə nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəisi Natiq Əzizov icra edib. Tenderlərin nəticəsi əvvəldən bəlli idi. Tender iştirakçıları yalnız sənədlərə imza ediblər”.

Daha sonra Dövlət Əmək Müfəttişliyinin müxtəlif qurumlarının rəhbərləri dindirilib. Şahid Mahir Şükürov bildirib ki, Dövlət Əmlak Müfəttişliyinin Salyan, Şirvan, Neftçala, Hacıqabul rayonlarının daxil olduğu 11 saylı Dövlət Əmək Müfəttişliyinin rəisi olub. O, istintaqa ifadəsində göstərib ki, 2014-cü ilin may-oktyabr ayları ərzində Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadəyə hər ay Emil Allahverdiyev vasitəsilə rüşvət çatdırıb. Hər ay çatdırılan rüşvətin məbləği isə 4000 manat olub.

Lakin Mahir Şükürov məhkəmədə bildirib ki, heç kimə rüşvət verməyib.

Digər şahid Vüqar Abdullayev də istintaqda bənzər ifadə verib. O bildirib ki, hər ay Emil Allahverdiyev vasitəsilə Fuad Əlizadəyə 25 min manat pul göndərirdi. Fuad Əlizadə də həmin pulu nazir Səlim Müslümova verirdi. Lakin məhkəmədə rüşvət vermədiyini deyib.

Hakim və prokuror Vüqar Abdullayevdən soruşub ki, hər ay 25 min manatı necə əldə edirdi ki, Əmək Müfəttişliyinə çatdırırdı? O, cavabında bildirib ki, Dövlət Əmək Müfəttişliyi tərəfindən müəssisələrdə yoxlamalar aparılır, nöqsanlar aşkarlanır və buna görə ödənişlər olurdu.

Səlim Müslümovun məhkəməsi dekabrın 19-da davam edəcək.

61 yaşlı Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

O, 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »