Uşaq ikən televiziyada Türkiyənin Cümhuriyyət tarixinə aid bir sənədli filmin kadrlarını indi də xatırlayıram. Cümhuriyyətin qurucusu, Başkomandan və "Başöğretmen" ünvanlarına sahib, Qazi Marşal Mustafa Kamal Atatürkün "Ne mutlu Türküm diyene!" sözləri ilə bitirdiyi 10 illik çıxışını izləyib təsirlənmişdim. Bəlkə də Türkiyənin qurucusu olan o "Cümhuriyyət günəşi" mənim həyatıma təsir etməyə elə həmin gündən başlamışdı. Orta məktəbi Türk Dünyası Araşdırmaları Vəqfinin Bakı Atatürk Liseyində və bakalavr təhsilimi Ərzurum şəhərində yerləşən Atatürk Universitetində almağım təsadüfi deyil deyə düşünürəm.
Türkiyəyə ilk səfərim 2005-ci ildə İstanbula olmuşdu. Türk Dünyası Araşdırmaları Vəqfinin hər il keçirdiyi şöləndə türkdilli ölkələrdəki türk liseylərindən İstanbula gələn şagirdlər milli rəqs ifaları sərgiləyirdi. Həmin il milli rəqs müsabiqəsində birincilik qazanmış və Azərbaycanı təmsil edən rəqs qrupunda mən də vardım. 5 il sonra - 2010-cu ildə Antalya şəhərinə turist kimi səfər etdim. Həmin illərdə Antalyada yay tətilinin təsirindən öz payını almış azərbaycanlı turistlərin təsəvvüründəki Türkiyə, sadəcə, İstanbul və Antalyadan ibarət idi. Bəlkə də mənim əksini düşünməyimin səbəbi, təhsil aldığım liseydən öyrəndiyim "sərhədsiz" Türkiyə idi. Bizə təhsil, iş, səyahət və bir çox sahədə qapılarını açan və sadəcə, iki turistik şəhərdən ibarət olmayan böyük bir Türkiyə. Mən o vaxtdan həm özümə həm də ətrafıma bu fikri təlqin və təbliğ edirdim: "Türkiyə düşündüyünüzdən daha böyükdür". Bu cümləni Türkiyənin 23 şəhərinə (bəzilərinə dəfələrlə) səfər etmiş biri olaraq hələ də yorulmadan istifadə edirəm.
Əsrlər əvvəl Səlcuq türklərinin Anadoluya qədəm qoyduğu yerlərə təxminən 10 il əvvəl səfər etmək fürsətim oldu və bu, həyatımda unudulmaz bir iz olacaq. 2013-cü ildə Ərzuruma, 2019-cu ildə Elazığ şəhərinə səfərlərim olmuşdu. Bu səfərlərdə o torpaqlardakı Türklüyün həyat nəfəsini hiss etmişdim. Ərzurum şəhərində 4 illik bakalavr təhsili alanda orada tanıdığım insanların, daddığım ləzzətli mətbəxinin, gəzdiyim torpağının mənə yadlıq hiss etdirmədiyini anladım. Və əmin oldum ki, Azərbaycan ilə Türkiyə arasındakı sərhəd bəlkə də lüğətdəki bir sözdən və sadəcə, xəritədəki bir xəttdən ibarətdir. Ərzurumdan qopmamağıma yerli əhalinin inancının da səbəb olduğunu düşünürəm. Şəhərə ayaq basdığım ilk gündən oradan ayrıldığım son günə kimi müxtəlif insanların dediyi bir cümlə vardı: "Əbdürrahman Qazi türbəsini ziyarət etmədən Ərzurumdan getsən, mütləq yenə Ərzuruma dönəcəksən".
Əbdürrahman Qazi türbəsi, Ərzurum / Foto: Orxan Musabəyli2017-ci ildə məzun olduqdan sonra Bakıya gəldim, ancaq növbəti ay Ərzuruma qayıtmalı oldum. Sonrakı 3 il ərzində də azı 3 dəfə Ərzuruma səfərim oldu. Son səfərlərimin birində Əbdürrahman Qazi türbəsini ziyarət etdim. Bu, sadəcə, bir inancdırmı, yoxsa həqiqətdirmi? Şərhi sizin olsun...
Və 2022-ci ilin noyabr ayında "Go Türkiye" proqramı çərçivəsində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəvəti, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı və Think turizm agentliyinin dəstəyi ilə 5 gündə Türkiyənin 5 şəhərinə 5 nəfərlik heyətlə getmişdim. Azərbaycan media nümayəndələrindən ibarət heyət idi. Bu səfər zamanı Səlcuqluların ilk ayaq basdığı torpaqları ziyarət edib oranın mədəniyyətini, turizmini, tarixini, cəmiyyətini və bütün başqa gözəlliklərini görmə fürsətim oldu. Muşa, Bingölə, Tuncelinə, Elazığa və İstanbula təşkil olunan səfərdə Anadolunun qapılarından Türk dövlətlərinin təməllərinin atıldığı daşlara toxundum. Köklü tarixin, mədəniyyətlərin, inancların cəmləşdiyi bu ərazilərdə Türkiyəni yenidən tanıdım. Tanıdığım Türkiyəni yeni yazılarımda sizinlə bölüşüb təkrar o yerlərə virtual səyahət edəcəyəm.
Qeyd edim ki, "Go Türkiye" proqramı çərçivəsində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəvəti, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı və Think turizm agentliyinin dəstəyi ilə 5 gündə Türkiyənin 5 şəhərinə təşkil olunan media-turda əməyi keçən bütün qurumlara və şəxslərə öz təşəkkürümü bildirirəm.
Orxan Musabəyli, Bizimyol.info






