Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Suriyaya qoşun yeritmək planı dünya mətbuatında: “ABŞ-a Türkiyə atəşi”...
Türkiyənin Suriyaya qoşun yeritmək planı dünya mətbuatında: “ABŞ-a Türkiyə atəşi”...

Türkiyənin “Pençe Kılıç” hava əməliyyatı çərçivəsində terrorçuların hədəfləri uğurla vurulub, quru əməliyyatı gözləntiləri gücləndirilib.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Tel Rıfat, Mənbic, Ayn əl-Ərəb kimi yerləri bir-bir ələ keçirəcəyik” sözlərinin əks-sədaları davam edərkən, dünya sanki gözünü bölgəyə dikib. Türkiyənin mümkün quru əməliyyatı bir çox qəzetlərin manşetlərində yer alıb.

Bunlardan biri də Yunanıstanın “Kathimerini” qəzeti olub. Belə ki, qəzet, bu barədə xəbəri “ABŞ-a Türkiyə atəşi” başlığı ilə oxucularına təqdim edib.

Həmin xəbərdə, “Mövlud Çavuşoğlu ABŞ-ı açıq şəkildə “terror təşkilatlarını dəstəkləməkdə” ittiham edib, Ankaranın Suriya və İraqda heç kimi dinləmədən hər addımı atacağını açıqlayıb”,- deyə qeyd edilib.

Yunanıstanın başqa bir qəzeti “InGr” Türkiyənin əməliyyat planlarından əl çəkmədiyini vurğulayıb. Bölgədəki vəziyyət üçün “şeytan üçbucağı” bənzətməsi edən qəzet xəbərdə aşağıdakı ifadələrə yer verib: “Rəsmi olaraq yaşıl işıq yandırılmasa da, Türkiyə 2016-cı ildən bəri beşinci dəfə Suriyaya qurudan müdaxilə üçün irəliləyir”.

Bundan əlavə, Almaniyanın "Die Welt " qəzeti "Berbok Türkiyəni Suriyada quru əməliyyatlarından çəkinməyə çağırıb" başlıqlı xəbərdə Almaniyanın xarici işlər naziri Annalena Berbokun açıqlamalarına yer verib.

ABŞ mətbuatı isə xəbərləri “Pentaqon rəhbəri Türkiyəni Suriyada yeni hərbi əməliyyata qarşı xəbərdar etdi” başlığı ilə dərc edib.

Xatırladaq ki, “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında sərhəd xəttinə 140 kilometr məsafədə yerləşən Asos və 90 kilometr uzaqlıqdakı Qəndildə eyni vaxtda hədəfləri məhv edib.

Bildirilir ki, əməliyyat Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarına uyğun olaraq həyata keçirilib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »