Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edərkən, Türkiyə prezidenti Ərdoğan və misirli həmkarı Sisinin həftə sonu Qətərdə görüşərək illər sonra əl sıxması Afinada gündəm olub.
Bizimyol.info xəbər verir ki, son illərdə Misirlə müttəfiqliyini gücləndirən və Cənubi Kipri də daxil edərək bir sıra müqavilələr bağlayan Yunanıstan, bu görüşdən sonra bu gün hərəkətə keçərək diplomatik addım atmağa qərar verib.
Belə ki, Yunanıstanın Xarici İşlər Nazirliyi bu gün üç yüksək səviyyəli şəxsin Misirə gedərək Qahirədə danışıqlar aparacağını açıqlayıb. Açıqlamada Yunanıstanın xarici işlər naziri Nikos Dendias, müdafiə naziri Nikolaos Panagiotopoulos və xarici əlaqələr naziri Miltiadis Varvitsiotisin həmkarları ilə görüşmək üçün Misirə gedəcəkləri bildirilib.
Bundna əlavə, nazirlikdən verilən açıqlamada tərəflər arasında bir sıra müqavilələrin imzalanacağı bildirilib.
Məlumat üçün bildirək ki, Müdafiə nazirinin misirli həmkarı Məhəmməd Əhməd Zeki ilə müqavilə imzalayacağı bildirilərkən, Yunanıstanın ən çox oxunan qəzetlərindən olan Ta Nea bu razılaşmanın Türkiyənin “Mavi Vətən” doktrinasına zidd olduğunu yazıb.
Həmçinin nazirlərin həmkarları ilə də görüşəcəyi və nümayəndə heyətləri arasında danışıqların davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, bu vaxta qədər Türkiyə-Misir münasibətləri gərgin olduğuna görə, bəzi məsələlərdə Misir və Yunanıstan Türkiyəyə qarşı birləşiridilər. Müəyyən mənada deyə bilərik ki, hazırda Türkiyə Misiri Yunanıstanın əlindən almaqdadır və bu proses Afinanı ciddi şəkildə narahat edir.
Leyla Mirzə, Bizimyol.info






