Qətər əmiri Şeyx Təmim bin Hamed Al Saninin dəvəti ilə Dohaya gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl “bir masa arxasında oturmaram” dediyi Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə əllə görüşüb.
Bizimyol.info xəbər verir ki, bu əl sıxma iki ölkə arasında 9 ildən sonra ən yüksək səviyyəli görüş olub. Bu görüş Misir mətbuatında gündəmin ən baş xəbərləri sırasında yer alıb. Ölkənin aparıcı yayım təşkilatlarından olan “Əl-Əhram” Misir Rəyasət Heyətinin görüşlə bağlı açıqlama vermədiyini, lakin iki liderin əl sıxma fotosunun sosial mediada yayıldığını bildirib.
“Əl-Əhram” Misirin xarici işlər naziri Semih Şükrünün Türkiyə ilə danışıqları ötən ayın sonunda bitirdikləri barədə açıqlamasına diqqət çəkib. Məlumatda qeyd edilib ki, Türkiyənin Liviya ilə imzaladığı enerji müqaviləsinə qarşı çıxan Misirin xarici işlər naziri Şükrü Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün keçən il başlayan danışıqların iki iclasdan sonra “Türkiyənin Liviyada atdığı addımlar səbəbilə” başa çatdığını bildirib.
Bundan əlavə, Misir mətbuatı 2013-cü ildə “Müsəlman Qardaşlar” hökumətini devirən çevrilişlə iki ölkə arasında münasibətlərin pozulduğuna diqqət çəkərək, Ərdoğanın o dövrdə “Müsəlman Qardaşlar”a böyük dəstək verdiyini xatırladıb. Qeyd edilib ki, Sisi hakimiyyətə gəldikdən sonra Türkiyə-Misir münasibətləri ən çətin dövrünü yaşamağa başlayıb və səfirlər qarşılıqlı olaraq geri çəkilib.
Digər tərəfdən, Misir mətbuatı diplomatik əlaqələrin kəsilməsinə baxmayaraq, ticarət əlaqələrinin davam etdiyini, 2022-ci ilin ilk yarısında Türkiyənin Misirin ən çox ixrac etdiyi ölkələr arasında birinci yerdə olduğunu bildirib.
Misir mətbuatı həmçinin Misir və Qətər arasında çevrilişdən sonra pisləşən münasibətlərin son vaxtlar yaxşılaşdığını, Sisinin sentyabrda Dohaya səfər etdiyini xatırladıb.
Xatırladaq ki, Ərdoğan 2013-cü ildə dövlət çevrilişindən sonra prezidentliyə gələn Sisi haqqında sərt ifadələr işlətmişdi. Bundan sonra 2019-cu ildə BMT Baş Assambleyasına qatılan Ərdoğan rəsmi nahar proqramında Sisi ilə eyni masada olmamaq üçün şam yeməyinə qatılmamışdı.
Qeyd edək ki, Avropa mətbuatı da bu görüşə qıcqanclıqla yanaşıb. Hiss olunur ki, Avropada Türkiyə-Misir yaxınlaşması narahatlıq yaradıb. O üzdən də daha çox "Ərdoğan qatil adlandırdığı adamın əlini sıxdı" şəklində başlıqlaR çıxarılıb.
Leyla Mirzə






