“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri Rasim Məmmədovla bağlı məhkəmə prosesində onlarla saxta şirkətlərin yaradılması, o şirkətlərin hesdabına vəsaitlərin köçürülməsi və nağdlaşdırılıb geri qaytarılması halları üzə çıxıb. Bu barədə Natiq Həşimov öz ifadəsində danışıb. O bildirib ki, pulları çıxarıb “Azeri Steel 2009” MMC-nin mühasibi Mübariz Səmədova verib.
Bizimyol.info xəbər verir ki, Natiq Həşimov oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. Həbsdə olan iş adamı Rasim Məmmədovun işinə bu məhkəmədə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.
Natiq Həşimov məhkəmədə ifadə verəndə əvvəl deyib ki, “Azeri Steel 2009” şirkətinə dəmir qırıntıları təhvil verib, buna görə pul alıb. Sonra ondan adına olan şirkətlər haqda soruşanda bildirib ki, pal-paltar gətirib satmaq məqsədilə onları yaratmışdılar. Sonra deyib ki, şirkətlərə dəmirin pulu köçürülürdü, onu çıxarıb “Hacı”ya verirdi. Bir qədər keçəndən sonra bildirib ki, ümumiyyətlə, o şirkətlərin necə yarandığını bilmir: “Bilmirəm kim açıb mənim adıma, ya zəlzələdən, ya vəlvələdən açılıb”.
O, şirkətlərin hesablarına hansı dövrdə və nə qədər pul köçürüldüyünü xatırlamadığını vurğulayıb.
Onun istintaqa ifadəsi elan olunandan sonra isə fərqli danışıb. Bildirib ki, 2003-2004-cü ildə Şirvanda hərbi xidmətdə olanda Elmar Ələkbərov adlı şəxslə tanış olub. İllər sonra onu görəndə söhbət əsnasında işsiz olduğunu, maddi baxımdan çətinlik çəkdiyini deyib. Bir müddət sonra Elmar Ələkbərov ona zəng edərək, iş təklifi olduğunu deyib: “Dedi ki, adıma şirkətlər açılacaq, ora göçürülən pulun 1.5-2 faizi də mənə veriləcək. Razılaşdım. Pul köçürüləndə gedib çıxarırdım hesabdan, aparıb Hacıya verirdim”.
Natiq Həşimovun istintaqa ifadəsində 28 şirkət adı çəkilib. Bu şirkətlər onun və başqalarının adlarına təsis edilib. Onun sözlərinə görə, hər şirkət 200-300 manat müqabilində kiminsə adına açılıb: “Azeri Steel 2009” MMC-dən həmin şirkətlərə nəqliyyat xərci adı altında pullar köçürülürdü. O pulları mən çıxarırdım, aparıb Mübariz Səmədova verirdim”.
Cinayət işinin materiallarında iddia olunur ki, Rasim Məmmədov “Azeri Steel 2009” şirkətini yaradıb, onun vasitəsilə “Baku Steel Company”ə ziyan vurub. Yəni “Baku Steel Company”nin istehsal etdiyi armaturlar bu şirkətə daha ucuz qiymətə satılıb. Bu şirkət isə ucuz aldığı məhsulları daha baha qiymətə satıb.
Daha sonra Rasim Məmmədov özü də çıxış edib. O bildirib ki, “Baku Steel Company”nin onunla bağlı cinayət işində zərərçəkmiş kimi tanınmasına etiraz edir: “Bu zavodu alan mən, tikən mən, pulumu qoyan mən, tutulan da mənəm. Amma zərərçəkmiş kimi zavodu tanıyırsız? Bu necə olur? Əsl zərərçəkmiş mənəm. Bütün əmlaklarım satılıb, kiminsə borcunu ödəməyə görə, 22 aydır həbsdəyəm. Sanki yatmışam, yuxudayam, kimsə məni oyatmalıdır ki, belə şey ola bilməz. Vaxt gələcək, cənab prezident hər şeyi biləcək. Bir anlıq təsəvvür edin ki, “Chanel” firması Azərbaycana 800 avroya çanta satır, Azərbaycan da onu 1500 avroya satıb. İndi durub kimsə Azərbaycanı ittiham edir ki, niyə belə eləyirsən? Belə şey olar?
Bu işdə məndən başqa heç kimə ziyan dəyməyib. 22 aydır valideynlərimi, uşaqlarımı görə bilmirəm. Başa düşə bilmirəm ki, mən yatmışam, yoxsa dəlixanaya düşmüşəm? Bəzi məmurlar mənim kimi biznesmenləri cənab prezidentin gözündən salır. Eelə bilirlər kimsə bu vəziyyətdə gətirib Azərbaycana sərmayə qoyacaq? Kimsə öz puluyla zavod alır, tikir, sonra tutub salırlar içəri, deyirlər ki, öz zavoduna ziyan vurmusan. Tutmaq istəyirlərsə, tutsunlar, bunun üçün başqa yollar var – tapança qoysunlar, bomba qoysunlar, yoxsa bu nədi? Heç olmasa, mənim işimdə “Baku Steel Company”ə zərərçəkmiş deməyin, üçüncü tərəf deyin. Mənim beynim qaçmışdı ki, 2010-cu ildən pul qoyum, zavod alım, inkişaf elətdirim türməyə düşmək üçün? İndi zərərçəkmiş kimi burada iştirak edən adamlar mənim düzəltdiyim kabinetlərdə oturur, mənim zavodumdan maaş alır. Kimsə özündə cəsarət tapıb düşünü danışmırsa, o demək deyil ki, mənim danışdığım həqiqət deyil. Sonra da deyirlər, niyə investisiya qoymaq istəmirlər? Cənab prezidentə yalan məlumat verilir. Hərə qoltuğuna bir papka götürüb gedir cənab prezidentin yanına...
Mənə DTX-da deyirlər ki, 500 milyon pul qazanmısan. Birincisi, o qədər qazanmamışam. İkincisi də yaxşı eləmişəm. Mən dövlət məmuru deyiləm ki. Nə vaxtsa bu söhbətlərin üstü açılacaq, məni bura saldıranların özləri gəlib burada oturacaq. Kimisə şərləmək kişi işi deyil...”
Rasim Məmmədov məktəb yoldaşı, eləcə də “Baku Steel Company”də onun birinci müavini olmuş, bu cinayət işi üzrə həbs edilib, bir müddət sonra azadlığa buraxılan və məhkəmədə gəlib onun əleyhinə ifadə verən Çingiz Həsənov haqda da danışıb: “Çingiz Nərimanov prospektində banan satırdı, onu orada gətirib iş verdim. İndi gəlib burada mənimlə elə danışır ki... Çünki həbsdəyəm. Anlamır ki, illərlə dostluq elədiyi adamın üzünə durana heç kim hörmət eləmir”.
Bu cinayət işi üzrə əsas şahidlərdən biri də uzun illər Rasim Məmmədovla birlikdə işləmiş və dost olmuş Yusif Hənifəzadədir. Amma o, məhkəməyə teleqram və “Zəfəran hospital”dan arayış göndərib. Arayışda yazılıb ki, Yusif Hənifəzadə hospitala müraciət edib, ona xroniki böyrək xəstəliyi diaqnozu qoyulub. Ona 10 gün yataqda qalmaq tövsiyə edilib.
Rasim Məmmədov və vəkilləri bu şəxsin məhkəməyə çağırılıb dindirilməsində israrlı olduğunu bildiriblər. Vəkillər deyib ki, ümumiyyətlə, istintaq zamanı Rasim Məmmədovun əleyhinə ifadə vermiş şahidlərin hamısının məhkəməyə gətirilməsini istəyirlər. İndiyədək məhkəmə çağırışı göndərilən, amma gəlməyən şəxslər haqqında isə məcburi gətirilmə qərarı çıxarılmasını tələb ediblər.
Məhkəmə prosesi oktyabrın 14-də davam edəcək.
46 yaşlı Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, “Baku Steel Company”nin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Söhbət ümumilikdə 185 milyon manatdan gedir.
Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrilə ittiham irəli sürülüb.
Aytən, Bizimyol.info






