“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədov deyir ki, onu xəyanətdə ittiham edirlər. Lakin o, konkret hansı əmələ görə xəyanətdə ittiham olunduğunu deməyib.
Bizimyol.info xəbər verir ki, Rasim Məmmədov bu barədə sentyabrın 12-də məhkəmədə ifadəsində danışıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.
Rasim Məmmədov məhkəmədə əvvəlcə iki gün əvvəl onun ailəsindən rüşvət almaq ittihamıyla həbs olunan “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqqında danışıb. O, iddia edib ki, Əvəz Zeynallı uzun müddət sifarişlə onun haqqında şər-böhtan xarakterli materiallar yayıb, ondan pul tələb edib.
“Əvəz Zeynallı jurnalist deyil, cinayətkardır. Neçə illərdir, dəfələrlə məndən pul tələb edib, mənəvi terror eləyib. Bu gün də əməllərini ailəmə qarşı davam etdirir”, - Rasim Məmmədov bildirib. O, iddia edir ki, Əvəz Zeynallı Loğman Zülfüqarlıdan aldığı pul qarşılığında onun haqqında belə materiallar yayıb.
“Həbsdə olanda eşitdim ki, Loğman Zülfüqarlı və Əvəz Zeynallı Türkiyə xüsusi xidmət orqanlarına mənim haqqımda ərizə göndərib. Guya orada Loğman Zülfüqarlı oğurlanıb və bunu mən sifariş vermişəm. Övladlarımı gizli nömrələrlə zəng edib təhdid eləyirdilər ki, hər şeyinizi əlinizdən alacaqlar...”
Nurəddin və Loğman Zülfqarlı qardaşları uzun illərdir ki, Rasim Məmmədovdan şikayətçidir, aralarında çoxsaylı məhkəmə çəkişmələri olub. Onlar iddia edir ki, “Baku Steel Company”ni Rasim Məmmədov zorla əllərindən alıb.
Hakim Leyla Məmmədova-Əsgərova Rasim Məmmədovun nəzərinə çatdırıb ki, Əvəz Zeynallı məsələsinin bu məhkəmədə baxılan işə aidiyyəti yoxdur.
Lakin prokuror vəsatət qaldırıb ki, Rasim Məmmədovun Əvəz Zeynallı barədə dedikləri araşdırılması üçün prokurorluğa göndərilsin: “Cinayət xarakterli məlumat verir. Cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq, bu məsələ araşdırılması üçün prokurorluğa göndərilməlidir”.
Rasim Məmmədova ifadə vermək təklif olunsa da, o, əvvəl hazır olmadığını deyib, hazırlaşmaq üçün vaxt istəyib. Hakim bu üzdən onun istintaqdakı ifadəsini elan etmək istəyib. O, buna etiraz edib, bildirib ki, iş materiallarında olan ifadə ona məxsus deyil.
O, məhkəmədə ifadə verməyə razılaşıb və çıxışına “Baku Steel Company”ni necə almasıyla başlayıb. O bildirib ki, 2007-ci ildə Paolo Pərviz “Baku Steel Company”ni satanda iki əcnəbi (israilli) iş adamıyla birlikdə onu alıblar. Həmin vaxt zavodun cəmi 25 faizi onun, qalan 75 faizi isə əcnəbilərin olub. 2009-cu ilin axırlarında israilli iş adamı öz payını ona satmağı təklif edib: “Çünki ayda 3-4 milyon onlar üçün maraqlı deyildi. Onlar “Balaxanı Oil” yatağını almaqda maraqlı idilər. Dedilər ki, öz payımızı sənə satırıq sənə, sən də bizə neft yatağı məsələsində kömək elə. Gedib o vaxt İsrailin baş naziri ilə görüşdüm. Bundan sonra qalan 75 faizin 50-ni 15 milyona aldım. Bu məbləği də 12.5 milyon bir verdim, 2.5 milyon da bir. Sonra Londonda qalan 25 faizlə bağlı razılaşdıq, 7.5 milyona onu da aldım. Ümumilikdə o zavoda 30 milyon pul vermişəm”.
Həmin vaxt zavod Əşrəf adlı şəsin adına rəsmiləşdirilib. Bunun səbəbilə bağlı suala Rasim Məmmədov belə cavab verib: “Bu cür rahatdır. Bütün dünyada bu praktikadan istifadə olunur. Trampın 100 dənə şirkəti varsa, hamısı onun adına deyil ki...”
Rasim Məmmədov deyir ki, o, qalan 75 faizi almaq müqabilində “Balaxanı Oil” məsələsində onlara kömək etməliydi: “Bu məsələ ilə əlaqədar Rövnəq Abdullayevlə görüşdük, detalları razılaşdırdıq. Qiyməti əvvəl 300 milyon dedilər. Sonra 350-yə qaldırdılar. Onlara dedim, bu qiymətlə də razılaşdılar. Sonra dedilər ki, yox, 400 milyon. Yenə onlara xəbər verdim, buna da razı oldular. Bundan sonra yenə qaldırdılar, 450 milyon oldu. Qiymət dəyişdikcə, mən də pis vəziyyətdə qalırdım. İsrailin keçmiş Baş Qərargah naziri vardı, sonra tikinti naziri olmuşdu, o, Bakıya gəldi. Dedi ki, zavodu almısınız, amma sözünüzün üstündə durmamısınız...”
O, əlavə edib ki, zavodun yenidən qurulmasına 100 milyondan çox pul xərcləyib. 2016-cı ildə zavod yenidən qurulandan sonra açılışda Prezident İlham Əliyevin də iştirak etdiyini deyən Rasim Məmmədov vurğulayıb ki, onu xəyanətdə ittiham edirlər.
“Prezident həmişə mənim fəaliyyətimdən razı qalıb. Mən prezidentə yalan danışmamışam, xəyanət etməmişəm. Onun tapşırıqlarını icra eləmişəm. 2012-ci ildə dövlətdən Sumqayıtdakı “Azərboru” zavodunu 2 milyona aldım. Orada faktiki zavod yox idi. Sovet İttifaqında 4-cü ən böyük zavod olan müəssisəni nə günə qoymuşdular. Cənab prezidenti aldadıb, oranı məhv eləmişdilər.
Aldatmışdılar ki, “köhnədir”, “lazım deyil”. Mən “Azərboru”nu alanda kredit götürmüşdüm. Ora mənə qədər talan olunmuşdu, mən nəyi talan eləmişəm? Mən oksigen zavodunu tikməsəydim, xəstəxanalar oksigen balonunu hardan alacaqdı? Mən yediyim qaba tüpürmərəm. Deyirlər ki, “xəyanət eləmisən”. Kimə? Mən xəyanət eləməmişəm. Zavodu da öz pulumla tikmişəm. Heç kim mənə 1 qəpik pul verməyib”, - Rasim Məmmədov bildirib.
O, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovla münasibətləri barədə də məlumat verib: “Mən Ramiz Mehdiyevi və Bəylər Əyyubovu atam qədər istəmişəm. İşdən çıxıb gedib Ramiz Mehdiyevi gəzdirmişəm. Pis günündə yanında olmuşam. Xəstəxanada yatanda yanında olmuşam...”
Rasim Məmmədova prokuror “Baku Steel Company”dən qazancı haqda sual verəndə o, belə cavablandırıb: “Mən oradan maaş almamışam. Əvvəl dediyim kimi, pul bölünüb. Üç nəfər arasında danışığımız olub. Bölgüdə mən də öz payımı götürmüşəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, istehsal olunan məhsulu satmaq asan deyildi. Ona görə məhsulu bəzən nisyə verirdilər, bəzən daha ucuz qiymətə satırdılar: “Mən heç vaxt anbarda mal saxlamırdım. Nisyə verdiyimiz olurdu, aşağı qiymətə satdığımız olurdu. İndi anbarda 20 min ton mal var. Zavoda aylıq təkcə əməkhaqqı və işıqpulu üçün 3 milyon pul lazımdır - 1 milyon 600 min əməkhaqqı, 1 milyon 400 min işıqpulu...”
O, etiraf edib ki, rəsmi sənədlərdəki məbləğlər gerçəyi əks etdirmirdi, “qara mühasibatlıq” vardı, xərclər, gəlirlərlə bağlı əsl rəqəmlər ayrıca yazılırdı.
Prokuror bunun səbəbini soruşub.
“Bu sualı sistemə verin. Onda gərək bütün sistemi dəyişəsiniz. İndi də elə işləyirlər”, - Rasim Məmmədov prokurora belə cavab verib.
Onun dindirməsi sentyabrın 16-da davam edəcək.
46-yaşlı Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, “Baku Steel Company”nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ümumilikdə 185 milyon mənimsəmə və israfetmədən söhbət gedir.
Rasim Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.
Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham edilən “Xural TV”nin rəhbəri Əvəz Zeynallı sentyabrın 10-da saxlanılıb. Ona qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb.
Əvəz Zeynallı özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.
Aytən, Bizimyol.info






