Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, böyük dövlətin böyük dəstəyidir" - Dünənki görüş dünya mətbuatında
"Bu, böyük dövlətin böyük dəstəyidir" - Dünənki görüş dünya mətbuatında

Ukraynada sülh səyləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünənki Lvov səfəri ilə davam edib. Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreş üçtərəfli sammitdə görüşüb. Zelenski ilə də ikitərəfli görüş keçirən Ərdoğan “Zirvənin əsas məqamı müharibənin necə bitəcəyi idi” deyib. Zirvə dünya mətbuatında ilk manşet olub. Bir çox qəzetlər Ərdoğanın həm Putin, həm də Zelenski ilə görüşə bildiyini vurğulayaraq, sülh səylərinə diqqət çəkib.

Bizimyol.info xəbər verir ki, fevralın 24-də başlayan Ukrayna müharibəsi hələ də davam edir və dünyaya ümid verən zirvə Lvovda baş tutub. Türkiyə Prezidenti Ərdoğan, Ukrayna Prezidenti Zelenski və BMT-nin baş katibi Quterreş üçtərəfli sammitdə bir araya gəlib.

Dünəndən etibarən kritik sammit dünya ictimai rəyinin bir nömrəli gündəm mövzusudur.

Britaniyanın “İndependent” qəzeti Ərdoğanın sammitdə sülh çağırışı etdiyini vurğulayıb. Qəzet sammitin əhəmiyyətini aşağıdakı açıqlamalarla vurğulayıb: “Türkiyə prezidenti Ərdoğan, Ukrayna prezidenti Zelenski və BMT-nin baş katibi Quterreş arasında Ukraynanın şərqindəki Lvov şəhərində keçirilən zirvə görüşü dünya tərəfindən diqqətlə izlənilib”.

“Financial Times” qəzeti “Ərdoğan Kiyev və Moskva arasında sülh danışıqlarını dəstəkləyir” başlıqlı xəbərində “Ərdoğanın diplomatik prosesi canlandırması üçün beynəlxalq ictimaiyyət məsuliyyəti öz üzərinə götürməlidir” sözlərinə yer verib.

Türkiyənin iki ölkə ilə əlaqələrini davam etdirdiyini vurğulayan xəbərdə Ərdoğanın “əsas məsələ danışıqlar masasına ən qısa və ən ədalətli yolun müəyyən edilməsidir” ifadəsi də yer alıb.

“Moskovskiy Komsomolets” qəzeti Ərdoğanın Ukrayna ilə Rusiya arasında vasitəçi ola biləcək yeganə lider olduğunu vurğulayıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, üçtərəfli sammitdən sonra Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye Atom Elektrik Stansiyasına potensial missiyasının parametrlərini qəbul edib.

“Newsweek” zirvəni “Yeni Çernobıldan narahat olan Türkiyə Ukraynaya dəstəyini verdi” başlığı ilə oxucularına təqdim edib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı açıq şəkildə Ukraynaya dəstəyini ifadə edib və Zaporojye Atom Elektrik Stansiyasının bombalanmasının növbəti Çernobılla nəticələnə biləcəyindən narahatlığını ifadə edib”,- deyə məlumatda deyilir.

BBC Ərdoğanın nüvə obyekti ilə bağlı narahatlığını da işıqlandırıb. Ərdoğanın “Yeni Çernobıl yaşamaq istəmirik” ifadəsi də xəbərlərdə yer alıb.

Fransanın “Le Monde” qəzeti görüşü “Ərdoğan Türkiyənin Ukraynaya güclü dəstəyini nümayiş etdirdi” sözləri ilə dəyərləndirib.

"Türkiyə prezidenti danışıqlardan sonra on minlərlə insanın ölümünə və 10 milyondan çox ukraynalının evlərini tərk etməsinə səbəb olan müharibəyə son qoymaq üçün beynəlxalq ictimaiyyəti diplomatik səylərdən əl çəkməməyə çağırıb",- deyə CBC News-da Ərdoğanın səylərini vurğulayıb.

Ərdoğanın “Müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanıram” bəyanatına diqət edilərək Türkiyənin vasitəçi rolu vurğulanıb.

İtaliyanın xəbər agentliyi ANSA Zelenskinin “Prezident Ərdoğanın səfəri güclü bir ölkədən güclü dəstək mesajıdır” sözlərini başlıq olaraq istifadə edib.

İngiltərənin “Daily Mail” qəzeti “Türkiyə prezidenti Ukraynaya dəstək verir” başlıqlı xəbərdə bu ifadələrə yer verib: “Ərdoğan Lvovda Zelenski ilə görüşdü və sonra dəstəyini bildirdi. O, jurnalistlərə deyib ki, Türkiyə “ukraynalı dostlarının” yanındadır. Zelenski isə Ərdoğanın Lvova səfərini güclü dəstək mesajı kimi qiymətləndirib”.

“Times Of Israel” sammiti oxucularına “Ərdoğan Ukraynada Zelenski və Quterreşlə görüşdən sonra yeni Çernobıl xəbərdarlığı etdi” başlığı ilə təqdim edib.

Britaniyanın başqa bir qəzeti “Express” “Ərdoğan, Zelenski və BMT Ukraynada müharibəni bitirmək üçün yollar axtararkən yeni böyük bir müqavilə imzaladılar” başlığı ilə xəbəri oxucularına təqdim edib.

“Prezidentlər münaqişəni dayandırmaq yollarını müzakirə etmək üçün görüşəndən sonra Türkiyə Ukrayna ilə böyük sövdələşməyə imza atıb”,- deyə xəbərdə bildirilir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »