Bakının Türkan qəsəbəsində 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova sağ olduğu halda, onların ölməsi barədə saxta sənədlər hazırlayıb, dəniz sahilində yerləşən torpaq sahələrini özlərindən xəbərsiz satmaqda ittiham olunan 5 nəfərin işi üzrə məhkəmə istintaqı başa çatıb. Onların arasında Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu da var.
Bizimyol.info xəbər verir ki, fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu işdə təqsirləndirilən 5 nəfərə cəza istəyib. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini Eldar Mirzəyev, Türkan və Zirə qəsəbələrində daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov və Daşqın Nəsirovdur.
Adları çəkilənlərdən yalnız Rahil Babayev və Çingiz Səfərov həbsdədir.
Daşqın Nəsirov Zeynəb Xanlarovanın bacısı oğludur. O da həbsdə idi, lakin səhhətindəki problemlərə görə dörd ay sonra azadlığq buraxıldı.
Torpaqları ələ keçirilərək satılan ahıl qadınlara dəymiş ziyanın ödənilməsi üçün depozit hesaba 190 min manat vəsaiti də Daşqın Nəsirov köçürüb.
Prokuror çıxışında bunu yüngülləşdirici hal kimi qeyd eləsə də, buna baxmayaraq, Daşqın Nəsirovun məhkəmə zalından həbs olunmasını və 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Digər təqsirləndirilən şəxslərdən Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi və onun müavininin də həbsini təklif edən prokuror onların isə 4 il 6 ay azadlıqdan məhrum edilmələrini istəyib.
Dövlət ittihamçısı hazırda həbsdə olan təqsirləndirilən şəxslərdən Rahil Babayevə 4 il, Çingiz Səfərova isə 5 il 6 ay həbs cəzası kəsilməsini təklif edib.
Zərərçəkmişlərdən Əzizəxanım Atayeva və mərhum Xumara Şabanovanın (o, məhkəmə prosesi davam edən dövrdə vəfat edib) nümayəndəsi Cavad Cavadov bildirib ki, onlara dəymiş ziyan ödənilərsə, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmayacaq.
Növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək.
Cinayət işinin materiallarında iddia olunur ki, torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Çingiz Nəsirovun təhriki ilə sabiq icra nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən, Atayeva və Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib.
Aytən, Bizimyol.info






