Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bankdan kredit götürüb icra başçısına verdim, bələdiyyə sədri oldum”
“Bankdan kredit götürüb icra başçısına verdim, bələdiyyə sədri oldum”

2014-2019-cu illərdə İmişli rayonunun Yalavac, Məhəmmədli və Rəsullu kəndlərinin bələdiyyə sədri olmuş Qəhrəman Qəhrəmanov etiraf edib ki, o, rüşvət müqabilində bu vəzifəni tutub. Onun sözlərinə görə, 2014-cü ildə bankdan kredit götürüb, o vaxt rayonun icra başçısı olan Vilyam Hacıyevə rüşvət verib.

Bizimyol.info xəbər verir ki, fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin işi üzrə məhkəmə iclasında şahid qismində dindirilən Qəhrəman Qəhrəmanov bu barədə danışıb.

“Vilyam Hacıyev bələdiyyə sədri olmaq üçün “haqq” istədi. Mən də kredit götürüb otağında verdim, bələdiyyə sədri oldum. 2014-cü ilin sonunda seçki oldu, mən də həmin vaxt bələdiyyə sədri oldum. Bələdiyyə üzvlərinə göstəriş vermişdi, onlar da qol çəkib, məni sədr eləmişdilər”, - deyə Qəhrəman Qəhrəmanov ifadəsində bildirib.

14 orden və medalı olduğunu deyən şahidin sözlərinə görə, o, Əfqanıstan döyüşlərində də iştirak edib. Sonradan bu xidmətinə görə ona orden göndərilib. Keçmiş bələdiyyə sədrinin sözlərinə görə, Vilyam Hacıyev həmin ordeni digər rəsmi şəxslərin iştirakıyla toplantıda ona təqdim etməkdən ötrü 1000 manat pul istəyib: “Vilyam Hacıyevə dedim ki, 1000 manatım yoxdur, 500 manata gücüm çatar. 500 manat verəndən sonra həmin ordeni mənə təqdim elədi”.

Vilyam Hacıyev isə Qəhrəman Qəhrəmanovun ona qarşı qərəzli olduğunu və yalan danışdığını bildirib. Sabiq icra başçısının sözlərinə görə, Əfqanıstan müharibəsinin iştirakçısına göndərilən orden icra hakimiyyətinə gəlmirdi.

Vilyam Hacıyev əlavə edib ki, bu bələdiyyə sədrindən şəxsən o, Ədliyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə təqdimat göndərib, onun qanunsuz əməllərinin araşdırılmasını istəyib. Nəticədə Qəhrəman Qəhrəmanov haqqında cinayət işi başlanıb, həbs edilib. Sonradan İmişli rayon Məhkəməsinin hökmüylə məhkum edilib.

Keçmiş bələdiyyə sədri özü də cinayət məsuliyyətinə cəlb olunduğunu təsdiqləyib. Lakin o, həbsdə qalmadığını, 2000 manat cərimələndiyini bildirib.

Məhkəmədə İmişli rayon İcra Hakimiyyətinin Ərazi-İdarəetmə şöbəsinin müdiri Mirzə Quliyev də dindirilib. O, iddia edib ki, sabiq icra başçısı icra ümayəndələri və müavinlərinin təyinatı üçün rüşvət alırdı.

Mirzə Quliyevin sözlərinə görə, rayondakı futbol klubu - “Mil-Muğan” üçün Dövlət Neft Şirkətinin ayırdığı 150 min manat vəsait onun bank hesabına köçürülmüşdü. Həmin pulu hesabdan çıxarıb icra başçısı Vilyam Hacıyevə verib: “İcra başçısının o pulu hara xərcləndiyindən xəbərim olmadı”.

Vilyam Hacıyev onu yalan danışmaqda ittiham edib: “Yalan deyirsən. Özün üçün şəhərin mərkəzində imarət tikdirmisən, burnundan gəlsin...”

Vilyam Hacıyevin vəkil vurğulayıb ki, qanunsuz əməllərdə iştirakçı olduqlarını özləri etiraf etdikləri halda, bu şəxslər hələ də vəzifədədilər: “Bu necə ola bilər? Xahiş edirəm, bununla bağlı cinayət işi başlansın, araşdırma aparılsın”.

Məhkəmə prosesi fevralın 21-də davam edəcək.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »