Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kərəm Həsənovun bacısı ondan 2 milyon almış falçı ilə müqavilə bağladı: Sənədin detalları...
Kərəm Həsənovun bacısı ondan 2 milyon almış falçı ilə müqavilə bağladı: Sənədin detalları...

Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva fala baxmaq adıyla verdiyi 2 milyon pulu geri almaq üçün müqavilə bağlayıb. Daha doğrusu, sənədə Rəna Ağarzayevanın həyat yoldaşı Sənan Ağarzayev imza atıb.

Bizimyol.info xəbər verir ki, il yarıma yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Rəna Ağarzayevadan fala baxmaq, onun övladının bəxtini açmaq adıyla 1 milyon 998 min manat pul alıb, onu aldatmaqda ittiham olunan Şəfəq İsmiyeva və Ceyhun Zeynallının məhkəməsi gedir. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Prokuror Ceyhun Zeynallıya 13 il, Şəfəq İsmiyevaya isə Kərəm 10 il 6 ay həbs cəzası verilməsini istəyib. Adları çəkilən təqsirləndirilən şəxslərdən Ceyhun Zeynallı həbsdədir, qadın isə ev dustaqlığındadır.

Bu iş üzrə zərərçəkmiş qismində Rəna Ağarzayevanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb.

Fevralın 16-da məhkəmədə Şəfəq İsmiyevanın vəkili bildirib ki, zərərçəkmiş tərəflə razılığa gəliblər, dəymiş ziyanı hissə-hissə ödəyəcəklər.

Sənan Ağarzayev bunu təsdiqləyib. O bildirib ki, rəsmi qaydada razılaşma var. Şəfəq İsmiyevanın özü və valideynləri öhdəlik götürüb ki, ayda 10 min manat ödəyəcəklər. Ümumilikdə 500 min manat ödəniş olunacaq. Əvəzinə zərərçəkmiş də ondan şikayətçi olmayacaq.

Təqsirləndirilən şəxslər və onların vəkilləri bildirib ki, indiyədək 220 min manat Ceyhun Zeynallı, 102 min manat isə Şəfəq İsmiyeva dəymiş ziyandan zərərçəkmiş tərəfə qaytarıb.

Şəfəq İsmiyeva məhkəmədə son sözünü deyib. O, hakimlərdən xahiş edib ki, hökm çıxararkən uşaqlarına baxacaq ondan başqa heç kimin olmadığını nəzərə alsınlar: “Mən bu prosesdə şəxsiyyətimi, ləyaqətimi alçaldan çox şey eşitdim. Amma heç də hər şey elə deyildi. Özümdən artıq inandığım həyat yoldaşım məni başqa cür qələmə verdi. Anam xərçəng xəstəliyindən əziyyət çəkir. İndi mən məhkəməyə gələndə uşaqlarımı qonşuya həvalə eləyib gəlmişəm. Atamın 71 yaşı var. Xahiş eləyirəm, mənim haqqımda hökm çıxaranda, bütün bunları nəzərə alasınız. Uşaqlarımın məndən başqa heç kimi yoxdur”.

Ceyhun Zeynallı isə hakimlərdən son sözünə hazırlaşmaq üçün vaxt istəyib. O, fevralın 21-də son sözünü deyəcək. Cinayət işinin materiallarında yazılıb ki, Şəfəq İsmiyeva “İnstagram”da səhifə açıb, özünü “Maya” adlı falçı kimi təqdim edərək, bu məqsədlə ona müraciət etmiş Rəna Ağarzayevanı aldadıb.Şəfəq İsmiyeva ilkin izahatında Rəna Ağarzayevanı təkbaşına aldadıb, ondan pulları aldığını desə də, sonradan ifadəsini dəyişib. O bildirib ki, qeyri-rəsmi şəkildə birlikdə yaşadığı Ceyhun Zeynallının da məsələdən xəbəri olub. Rəna Ağarzayevanı onunla birlikdə aldadıb. Onun sözlərinə görə, alınan məbləğlərin böyük hissəsini də Ceyhuna verib.

Ceyhun Zeynallı isə özünü təqsirli bilmir, Şəfəq İsmiyevanın ona böhtan atdığını bildirir. Deyir ki, Şəfəq İsmiyeva ona bir neçə dəfə pul versə də, həmin vəsaitlərin bu yolla əldə etdiyini deməyib.

Ceyhun Zeynallı əlavə edib ki, Şəfəq “WesternUnion” vasitəsilə xaricə dəfələrlə böyük məbləğdə pul göndərib. Amma kimə göndərdiyi məlum deyil.

Şəfəq İsmiyevanın iki azyaşlı uşağı var. Uşaqlardan biri məhkəmə gedən dövrdə anadan olub. O, uşaqların hər ikisinin atasının Ceyhun Zeynallı olduğunu deyir. Ceyhun Zeynallı isə uşaqlardan yalnız birini qəbul edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »