Pablo Eskobar tarixin ən böyük narkobaronu sayılır. Zarafat deyil, ötən əsrin 80-ci illərində kolumbiyalı ABŞ bazarına hər gün 100 milyon dollarlıq narkotik maddə çıxarırdı. Vaşinqton onun ovuna çıxmışdı. Eskobardan bütün dünya danışırdı. Narkobaron istəyinə hər vasitə ilə çatırdı. Onun üçün qırmızı xətt yox idi. Qarşısına çıxanları təhdid edir, lazım gələndə gülləni başına sıxırdı.
Bizimyol.info xəbər verir ki, Eskobar həm də futbol fanatı idi. O, Kolumbiya futbolunu zirvələrdə görmək istəyirdi. Sevimli şəhəri Medellinin “Atletiko Nasional”ına isə hər cür dəstək olurdu. Klub yüksək səviyyədə maliyyələşdirilirdi. Komandada müxtəlif ulduzlar forma geyinirdi.
“Atletiko Nasional” beynəlxalq arenada ilk böyük uğurunu məhz Eskobarın dövründə qazanıb. Medellin klubu 1989-cu ildə Cənubi Amerikanın ən nüfuzlu turniri sayılan Libertadores Kubokunun qalibi olub. Mütəxəssislər hesab edir ki, “Atletiko Nasional”ın həmin uğurunda Eskobar əsas rol oynayıb. Çünki onda Kolumbiya klubları materikin güclüləri sayılmırdı.
“Atletiko Nasional” mayın 24-də Paraqvayda yerli “Olimpiya”ya 0:2 hesabı ilə uduzmuşdu. Bir həftə sonra Boqotada baş tutan cavab qarşılaşmasında da meydan sahibi sayılan tərəf bu hesabla qələbə qazandı. Qalibi penaltilər seriyasında müəyyənləşdirmək lazım gəldi. Kolumbiya klubu daha sərrast oldu (5:4).
Cavab qarşılaşmasının yan xətt hakimi Fransisko Lamolina illər sonra maraqlı əhvalat danışır: “Oyundan əvvəl oteldə yemək yeyirdik. Şıq geyimli bir adam gəldi. Yaxşı niyyətlə gəlmədiyi görünürdü. Əlində silah vardı”.
Lamolinanın danışdıqlarından belə qənaətə gəlmək olar ki, hakimlər heyətini ziyarət edən Eskobarın adamı olub. Narkobaron hakimlərə təhdid mesajı göndərib. Pablo komandasının qalib gəlməsini istəyirdi. Gələn adam baş hakim Xuan Karlos Loustauya mesajı çatdırıb: “Sizin üçün çoxlu pul var. Çempion olmağımız lazımdır. Çempion olmasaq, sizin və yan xətt hakimlərinin işini bitirəcəyik”.
“Atletiko Nasional” kuboka sahib çıxır. Hakimlər təhlükənin sovuşduğunu düşünür. Amma Eskobarın adamları onları yenə ziyarətə gəlir.
“Şıq geyinmiş adam bir daha gəldi. Loustaunu saçından tutub sürüyə-sürüyə maşına mindirdilər”, - Lamolina həmin anı yaxşı xatırlayır.
Yan xətt hakimləri təəccüb içində idi. Çünki Eskobarın komandası bir neçə saat əvvəl çempion olmuşdu. Pablo hakimin işindən razı qalmamışdı. Loustau bir neçə saat sonra otelə qayıtdı. “Onu elə günə qoymuşdular ki...” – sanki Lamolina indi də hər şeyi danışmaqdan çəkinir.
Eskobar hakimin onun komandasına heç bir kömək göstərmədiyini, “Atletiko Nasional”ın bəxti gətirdiyini demişdi. Kolumbiya klubu penaltilər seriyasında qələbə qazanmaqla Loustaunun həyatını xilas etmişdi. Lamolina deyir ki, təkcə Loustaunun yox: “Uduzsaydılar, bizi öldürəcəkdilər. Buna heç şübhəm yoxdur”.
Loustau gözlənilən kimi davranmamışdı. Amma Medellin bayram içində idi. Eskobar isə çox xoşbəxt görünürdü...
Bizimyol.info






