Braziliyada onlayn dərsdə qeyri-adi hadisə baş verib. Tələbələrə distant leksiya deyən müəllimin evinə oğru girib.
Bizimyol.info xəbər verir ki, xoşagəlməz halla San-Paulu Universitetinin 51 yaşlı müəllimi üzləşib. Mario Kandido Santos onlayn dərs zamanı hücuma məruz qalıb. Dörd nəfər evə girərək soyğunçuluğa başlayıb. Əvvəlcə başı dərsə qarışan müəllimin ağzını qapayıblar. Videogörüntüdə sonradan onun başına ağ dəsmal atıldığı görünür. Buna qədər Santosu evdəki pulların yerini deməyə məcbur etmişdilər.
Oğrular bir nüansı nəzərə almayıb. Hadisəni tələbələr canlı izləyirmiş. Onlar dərhal polisə məlumat verib. Asayiş keşikçiləri özünü Santosun evinə vaxtında çatdırıb. Oğruların hamısı həbs olunub. Müəllim və onun hamilə qızı xəsarət almayıb.






