Həftənin sonuna qədər dünyada koronavirusa yoluxanların sayının 3 milyona çatacağı gözlənilir.
Bu 3-4 gün ərzində ölənlərin sayının da 200 mini keçəcəyinə şübhə yoxdur. Virusun tüğyan etdiyi dönəmdə diqqət həm də vaksin düzəltməyə çalışan elm adamlarına yönəlib.
Bizimyol.info xəbər verir ki, virusun dərmanını dilə gətirən ABŞ prezidenti Donald Trampın məsləhəti işə yaramayıb. Onun tövsiyə etdiyi “Hidroksixloroxin”in COVİD-19-un öhdəsindən gələ bilməyəcəyi rəsmən təsdiqlənib.
Ümumdünya Səhiyyə İnstitutunun və Virciniya Universitetinin elm adamlarının tədqiqatı bu dərmanın faydalı olmadığını göstərib. 368 nəfərin tibbi göstəricilərinin analizi “Hidroksixloroxin”in koronavirusa dərman olmayacağını dəqiqləşdirib. Əksinə, bu dərmandan istifadə müalicə prosesi keçən pasiyentlərə zərər vura bilər.
Donald Trampın iddialı açıqlamasından sonra Braziliyada “Hidroksixloroxin”dən istifadə etməyə başlamışdılar. Cənubi Amerika ölkəsində testləri yarımçıq saxlayıblar.
Trampın açıqlaması Ağ Evdə ciddi fikir ayrılığı yaratmışdı. Allergiya və İnfeksiya Xəstəlikləri Milli İnstitutunun rəhbəri Entoni Fauçi dövlət başçısını açıq mətnlə sərt tənqid etmişdi. 80 yaşlı məşhur həkim Trampın məsuliyyətsiz açıqlama verdiyini bildirmişdi.






