Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asif İbrahimov: “İqtisadi baxımdan doğum göstəricisinin azalması birbaşa iqtisadi böhran anlamına gəlmir”
Asif İbrahimov: “İqtisadi baxımdan doğum göstəricisinin azalması birbaşa iqtisadi böhran anlamına gəlmir”

İqtisadçı Natiq Cəfərli sosial mediada yazıb ki, son 5 ildə Azərbaycanda doğulan uşaqların sayı azalır: 2020-ci ildə 126 571, 2021-ci ildə 112 284, 2022-ci ildə 122 846, 2023-cü ildə 112 620, 2024-cü ildə 102 310, 2025-ci ildə isə 95 875 uşaq dünyaya gəlib.

O qeyd edib ki, bu dövrdə hər 100 qız uşağına təxminən 114 oğlan düşüb və qız uşaqlarının sayı kəskin azalmaqdadır. Natiq Cəfərli həmçinin Azərbaycanın selektiv abortların sayına görə dünyada öndə olan ölkələrdən biri olduğunu qeyd edib. O vurğulayıb ki, selektiv abortlar, əhalinin sürətlə qocalması və gənc nəsilin azalması nəticəsində 15-20 ildən sonra ciddi demoqrafik böhran gözlənilir. Onun proqnozuna görə, həmin dövrdə ölkədə doğulan uşaq sayı 50 min civarına qədər azalacaq ki, bu da dövlət üçün böyük çağırışdır.

  • Doğuş sayının azalması gələcəkdə iqtisadiyyata necə təsir edə bilər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, əsas inkişaf göstəricisi əhalinin sayı deyil, insan kapitalının keyfiyyətidir: “Həmkarım Natiq Cəfərli tez-tez iqtisadi və sosial sahələrdə düzgün təhlillər və yanaşmalar ortaya qoyur. Bu məsələyə isə mən bir qədər fərqli baxardım. Düzdür, əhalinin doğuş səviyyəsinin azalması iqtisadi və sosial sahələrdə müəyyən risklər yarada bilər, lakin bu, avtomatik olaraq “dünyanın sonu” demək deyil.

Məsələyə sosial prizmadan baxdıqda, əhalinin artması və doğum sayının ölüm sayını üstələməlidir. Amma iqtisadi baxımdan doğum göstəricisinin azalması birbaşa iqtisadi böhran anlamına gəlmir. Əvvəla müasir iqtisadiyyatlarda əsas inkişaf göstəricisi əhalinin sayı deyil, insan kapitalının keyfiyyətidir. Dünyanın ən inkişaf etmiş ölkələrinin bir çoxunda doğuş səviyyəsi əvəzləmə həddindən aşağıdır, buna baxmayaraq yüksək məhsuldarlıq, texnoloji inkişaf və təhsilli əmək resursları hesabına iqtisadi artımı qoruyub saxlaya bilirlər.

İkincisi, Azərbaycanda əsas problem işçi qüvvəsinin sayından daha çox mövcud işçi qüvvəsinin məhsuldarlığıdır. Rəsmi statistikaya görə, əmək məhsuldarlığı inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır. Belə şəraitdə əhalinin sürətli artımı iqtisadi rifahı artırmaya da bilər, əksinə təhsil, səhiyyə və sosial xidmətlər üzərində əlavə yük yarada bilər.

Üçüncüsü isə, doğuşların azalması ailələrin daha keyfiyyətli insan kapitalına investisiya etməsinə şərait yarada bilər. Az sayda uşağa daha çox təhsil və sağlamlıq resurslarının ayrılması uzunmüddətli perspektivdə ölkənin rəqabət qabiliyyətini yüksəldə bilər”.

Asif İbrahimov deyib: “Təbii ki, bu sosial risk hesab olunsa da, bu proses təkcə doğuş səviyyəsindən asılı deyil. Pensiya sisteminin səmərəliliyi, əmək bazarının çevikliyi, qadınların və yaşlı insanların məşğulluq səviyyəsi kimi amillər daha mühüm rol oynayır. Hazırda əlimizdə olan əmək resurslarını da effektiv qiymətləndirməliyik; axı biz 30 il, 50 il sonranı da düşünürük. Bir çox inkişaf etmiş ölkələr mövcud əmək resurslarından düzgün istifadə edirlər. “İndi çoxdur, 50 ildən sonra az olacaq” yanaşmasından daha çox, bu resurslardan necə istifadə edəcəyimiz vacibdir. Biz istifadə etməyi bacardıqmı?

Bir çox ölkələr demoqrafik qocalmaya baxmayaraq iqtisadi sabitliklərini qorumağı bacarıblar. Bu, əsasən miqrasiya və müxtəlif işçi qüvvəsindən istifadə hesabına mümkün olub. Birləşmiş Ərəb Əmirliklərini buna nümunə göstərmək olar. Orada əmək bazarında istifadə olunan ucuz işçi qüvvəsi əsasən yerli əhali deyil, İndoneziya, Pakistan, Hindistan kimi ölkələrdən gələn əmək miqrantlarıdır.

Doğuş səviyyəsinin azalması gələcəkdə pensiya ödənişlərində çətinliklər yarada bilər. Məsələn, hazırda vətəndaş atasının pensiyasını ödəyir, gələcəkdə isə onun oğlu onun pensiyasını ödəyəcək. Faktiki olaraq, Dövlət Sosial Müdafiə Fonduna etdiyimiz ödənişlər bizim gələcəkdə yığılmış kapitalımız deyil, hal-hazırda yaşlı əhalinin pensiyasını ödəmək üçündür. Bu sistemi tənzimləmək vacibdir.

Doğuş səviyyəsinin azalmasının əsas səbəblərindən biri hökumətin sosial effektivliyi yenidən nəzərdən keçirməməsidir. Eyni zamanda iqtisadi baxımdan insanlar gələcək təminat, yüksək mənzil qiymətləri, məhdud gəlir səviyyəsi və qeyri-müəyyənlik səbəbindən az uşaq sahibi olmağa üstünlük verirlər. Bu baxımdan, problem təkcə demoqrafiya ilə bağlı deyil”.

Asif İbrahimov əlavə edib: “Nə etmək lazımdır? İqtisadi idarəetməni və əlimizdə olan əmək resurslarını təkmilləşdirməliyik. Yəni doğuş sayının azalmasını yalnız təhlükə kimi təqdim etmək birtərəfli yanaşma olar. Əsas məsələ əhalinin sayını artırmaq deyil, mövcud insan resurslarının keyfiyyətini yüksəltmək, əmək məhsuldarlığını artırmaq və iqtisadi inkişafın dayanıqlı modelini qurmaqdır. Demoqrafik göstəricilər vacibdir, lakin onlar iqtisadi rifahın yeganə meyarı deyil. Loru dildə desək, tutaq ki, 20 Baləlidən daha yaxşıdır ki, 1 azad Mirzəcanzadə və ya Lutfizadə doğulsun”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »