İspaniyanın Madrid-Baraxas hava limanında neçə ildir bir təyyarə hərəkətsiz qalıbmış. Adolfo Suares adına aeroportdakı hava gəmisinin sahibi bilinmir.
Bizimyol.info xəbər verir ki, Madrid-Baraxas bununla bağlı rəsmi bəyanat yayıb. Bəyanatda deyilir ki, “McDonnell Douglas MD-80” layneri bir neçə ildir hava limanının dayanacağındadır.
Madrid-Baraxasın bəyanatı yetərincə səthi görünür. Hiss olunur ki, xüsusi araşdırma aparılmayıb. Hətta təyyarənin konkret nə vaxtdan orada olduğu yazılmayıb. Ola bilər ki, hava limanında bunu heç dəqiq də bilmirlər.
İspaniya qanunvericiliyinə görə, Madrid-Baraxas əvvəlcə üç ay, sonra bir il təyyarənin sahibinin ortaya çıxmasını gözləməlidir. Heç kim ortaya çıxmasa, layneri açıq hərracda satmaq olar.
Oxşar hadisə Rusiya paytaxtında baş vermişdi. Moskvada “Transaero” şirkətinin üç təyyarəsi hərəkətsiz qalmışdı. Ruslar martın 4-də “Boeing”ləri satışa çıxarmağı planlaşdırır.






