Yaponiyanın müdafiə naziri Şinyiro Koizumi ölkənin dəyişən təhlükəsizlik şəraiti fonunda nüvə silahları ilə bağlı müzakirələrin qaçılmaz olduğunu bildirib. O, Avropada nüvə çəkindirmə siyasətinin gücləndiyini vurğulayaraq, Tokionun da təhlükəsizlik strategiyasını yenidən qiymətləndirməsinin vacibliyini qeyd edib. Bununla belə, Yaponiya hələ də nüvə silahı istehsal etməmək, saxlamamaq və ölkəyə yerləşdirilməsinə icazə verməmək prinsiplərini rəsmi siyasət kimi qoruyur.
Şimali Koreya və Çin kimi regional təhlükəsizlik risklərinin artdığı bir dövrdə Yaponiya onilliklərdir sadiq qaldığı nüvəsiz siyasəti dəyişməlidirmi, yoxsa bu addım Asiyada yeni silahlanma yarışını daha da sürətləndirə bilər.
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yaponiyanın nüvə silahı ilə bağlı məsələlərə bu dərəcədə fəallıq göstərməsinin əsas səbəbi son zamanlar artan Çin təhlükəsidir. Onun sözlərinə görə, Çin Yaponiya sahilləri yaxınlığında Şimali Koreya ilə birlikdə hərbi təlimlərə başlayıb və bu da istər-istəməz Yaponiyada narahatlığa səbəb olub. Buna görə də Yaponiya hökuməti öz təhlükəsizliyi ilə bağlı tədbirləri daha da gücləndirib.
“Eyni zamanda, Yaponiya NATO-nun Şərqi Asiyadakı kiçik variantının yaradılması təşəbbüsü ilə də çıxış edirdi. Lakin ABŞ buna, təbii ki, mane oldu. Yaponiya hökuməti bildirirdi ki, NATO-nun Şərqi Asiyadakı analoqu tezliklə yaradılmalı və ölkənin təhlükəsizliyi bu qurum vasitəsilə təmin edilməlidir”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, paralel olaraq Şimali Koreya ilə bağlı da ciddi narahatlıqlar mövcuddur. Onun sözlərinə görə, Şimali Koreya artıq təkcə Cənubi Koreyanın deyil, eyni zamanda Yaponiyanın da təhlükəsizliyini ciddi şəkildə təhdid etməyə başlayıb. Bu da, əlbəttə ki, narazılıqlara səbəb olur.
“Nüvə məsələsi ilə bağlı gündəmə gətirilən dəyişikliklər də məhz buna fokuslanıb. Yəni bu, bir növ artan Çin və Şimali Koreya təhlükəsinə qarşı atılan addımdır. Ancaq ABŞ-ın buna necə reaksiya verəcəyi əsas aktual məsələ olaraq qalır. Çünki ABŞ ümumilikdə Yaponiyanın öz təhlükəsizliyi ilə bağlı gördüyü ciddi tədbirlərə ehtiyatla yanaşır. Yaponiyada daxili siyasi vəziyyətin tez-tez gərginləşməsinin səbəblərindən biri də Vaşinqtonun bu məsələlərlə bağlı narahatlığıdır. Yəni ABŞ Yaponiyanın bu cür davranışlarına o qədər də isti baxmır və böyük ehtimalla tərəflər arasında bu məsələ ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur”, – deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info