Vətəndaş “Facebook” hesabında yazır ki, ADY-nin mobil tətbiqində Gürcüstandan Azərbaycana avqustun 19-na boş yerlər görünsə də, bilet seçim edərkən “bütün biletlər satılıb” bildirişi çıxır və alış mümkün olmur. O, sistemdə bilet göründüyü halda niyə almağın mümkün olmadığını soruşur?
- ADY tətbiqində boş görünən biletlərin alınması niyə mümkün olmur?
- Bu problemin səbəbi nədir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev bildirib ki, boş yerin seçilə bilməməsinin səbəbi eyni vaxtda bir neçə sərnişinin həmin yeri almağa cəhd etməsidir: “Bəzən bilet satışı sistemində hər hansı tarixə boş yerlərin görünməsi, lakin seçim prosesində həmin yerin əks olunmaması yüksək tələbatla əlaqədar bir yerin eyni vaxtda bir neçə sərnişin tərəfindən alışına cəhd edilməsi ilə bağlıdır. Yəni bir şəxs yer seçimi prosesinə başlayanda başqa bir nəfər paralel olaraq həmin yeri sorğuya (bron rejiminə) salır. Sorğu maksimum 3 dəqiqə qüvvədə qalır. Həmin müddətdə yer satılmasa belə, sistemdə müvəqqəti olaraq dolu kimi görünür.
Bir daha vurğulayaq ki, sistemdə yer dolu görünürsə, bu, həmin yerin satıldığı anlamına gəlmir. Sadəcə bilet alışı prosesini həyata keçirən şəxs həmin yeri sorğuda (bron rejimində) saxlayıb. Qeyd olunduğu kimi, bu vəziyyət maksimum 3 dəqiqə davam edir. Sərnişin həmin müddətdə ödənişi tamamlamasa və ya prosesi dayandırsa, sorğu avtomatik ləğv olunur və yer yenidən satışa çıxarılır”.
Qurumdan həmçinin bildirilib: “Hazırda bu hal, əsasən, tələbatın yüksək olduğu Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet alışı zamanı müşahidə olunur”.
Günel Həsənova, Bizimyol.info