Berlin şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində baş verən dialoq təkcə iki şəxs arasında fikir mübadiləsi deyil, həm də dövlət maraqlarının müdafiəsi baxımından diqqət çəkən siyasi hadisə kimi qiymətləndirilə bilər. Cənab Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Tural Sadıqlının suallarına verdiyi cavablar Azərbaycanın rəsmi mövqeyinin aydın, qəti və ardıcıl şəkildə ifadəsi kimi dəyərləndirilə bilər.
Hikmət Hacıyev uzun illərdir Azərbaycanın xarici siyasət kursunu beynəlxalq auditoriyaya çatdıran, ölkənin milli maraqlarını müxtəlif platformalarda müdafiə edən peşəkar dövlət rəsmilərindən biri kimi tanınır. O, istər beynəlxalq media qarşısında çıxışlarında, istər xarici ölkələrdə keçirdiyi görüşlərdə, istərsə də mürəkkəb siyasi situasiyalarda təmkinli, arqumentli və dövlət maraqlarına söykənən mövqeyi ilə seçilir. Berlin dialoqu da bunun növbəti nümunəsi oldu.
Onun: “Səmimi deyim, mən sizin verilişlərə çox da vaxt ayırmıram. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, amma səmimi deyim, elə deyil” fikri ilk növbədə informasiya məkanında süni şəkildə yaradılan təsir görüntüsünə verilmiş cavab idi. Bu ifadə göstərdi ki, dövlət öz informasiya siyasətini ayrı-ayrı şəxslərin yaratmağa çalışdığı gündəmlərə deyil, milli maraqlara və cəmiyyətin real tələbatına əsasən qurur.
Hikmət Hacıyevin: “Azərbaycan mediasını izləyirəm və ölkədə peşəkar mətbuat var” fikri də mühüm mesaj daşıyır. Bu yanaşma ölkədə fəaliyyət göstərən peşəkar jurnalistlərin əməyinə verilən qiymət kimi də qəbul edilə bilər. İnformasiya müharibələrinin getdikcə daha da intensiv xarakter aldığı müasir dövrdə peşəkar və məsuliyyətli medianın rolu xüsusi əhəmiyyət daşıyır.
Diqqət çəkən məqamlardan biri də onun dövlətə sədaqət və vətənə bağlılıq barədə səsləndirdiyi fikirlər oldu. Hikmət Hacıyev bildirdi ki, həyatda ən ağır məsələlərdən biri vətənə və dövlətə xəyanət etməkdir. Bu fikir hüquqi müstəvidən daha çox mənəvi və siyasi məsuliyyət anlayışını ifadə edir. Dövlətçilik ənənələrinin qorunması, milli maraqların üstün tutulması və ölkənin suverenliyinə hörmət hər bir vətəndaş üçün vacib prinsiplər hesab olunur.
Berlin görüşü zamanı Hikmət Hacıyevin sakit, emosiyalara qapılmadan, lakin qətiyyətli formada cavab verməsi də peşəkar diplomatik davranış nümunəsi kimi qiymətləndirilə bilər. Müasir diplomatiyada sərt bəyanatlar verməkdən daha çox, arqumentlərlə danışmaq, mövqeni inamla ifadə etmək və qarşı tərəfin iddialarına faktlarla cavab vermək daha təsirli hesab edilir. Hikmət Hacıyev məhz belə davranış nümayiş etdirdi.
Azərbaycan son illərdə təkcə hərbi və iqtisadi sahədə deyil, informasiya və diplomatiya müstəvisində də ciddi mübarizə aparır. Xaricdə ölkə haqqında müxtəlif xarakterli iddialar və təbliğat kampaniyaları fonunda dövlət rəsmilərinin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan Hikmət Hacıyevin fəaliyyəti Azərbaycanın beynəlxalq informasiya siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.
Onun beynəlxalq tədbirlərdə, xarici media ilə müsahibələrdə və müxtəlif platformalarda nümayiş etdirdiyi peşəkarlıq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. O, mürəkkəb suallara operativ və əsaslandırılmış cavab verməyi bacaran, diplomatik etikanı qorumaqla dövlət maraqlarını müdafiə edən təcrübəli siyasi xadimlərdən biridir.
Berlin hadisəsi bir daha göstərdi ki, Azərbaycan dövlətinin rəsmi nümayəndələri ölkənin maraqlarını müdafiə edərkən heç bir təzyiq və ya təxribat qarşısında geri çəkilmirlər. Onların əsas məqsədi dövlətin mövqeyini aydın şəkildə ifadə etmək, milli maraqları qorumaq və Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirməkdir.
Hikmət Hacıyevin Berlində səsləndirdiyi fikirlər dövlətçilik prinsiplərinə sadiqliyin, milli maraqların müdafiəsinin və peşəkar diplomatik yanaşmanın nümunəsi kimi təqdim oluna bilər. Onun təmkinli, lakin prinsipial mövqeyi göstərdi ki, dövlət maraqları Azərbaycan üçün hər zaman ən ali dəyərdir. Belə yanaşma həm ölkə daxilində dövlətçilik ənənələrinin möhkəmlənməsinə, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha inamlı şəkildə təqdim olunmasına xidmət edən mühüm amillərdən biri kimi qiymətləndirilir.

Nicat İsmayılov, politoloq