“1949-cu il Cenevrə Konvensiyalarında və onların əlavə protokollarında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsi beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri kimi təsbit olunub. Həmçinin BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasına əlavə İnsan Alverinin Qarşısının Alınması, Qarşısının Kəsilməsi və Cəzalandırılması haqqında Palermo Protokolu insanların aldatma, hədə-qorxu, məcburetmə və ya həssas vəziyyətlərindən istifadə edilməklə istismar məqsədilə cəlb olunmasını cinayət əməli kimi qiymətləndirir”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.
Politoloqun sözlərinə görə, müharibə məqsədilə həyata keçirilən bu cür fəaliyyətlər beynəlxalq hüququn həm ruhuna, həm də məqsədinə tamamilə ziddir.
Nicat İsmayılov bildirib ki, xarici döyüşçülərin sayının artması silahlı münaqişələrin beynəlmiləlləşməsinə səbəb olur. Bu isə müharibələrin coğrafiyasını genişləndirir və onların nəticələrinin yalnız münaqişə bölgəsi ilə məhdudlaşmamasına gətirib çıxarır. Müharibədən sağ qayıdan şəxslərin psixoloji travmalarla yaşaması, əldə etdikləri hərbi təcrübənin müxtəlif cinayətkar qrupların əlinə keçməsi, radikallaşma meyillərinin güclənməsi və qeyri-qanuni silah dövriyyəsinin artması gələcəkdə yeni təhlükəsizlik problemləri yarada bilər.
“Müasir geosiyasi proseslər göstərir ki, uzunmüddətli müharibələr davam etdikcə canlı qüvvəyə olan ehtiyac artır. Bu ehtiyacın ödənilməsi üçün iqtisadi cəhətdən zəif ölkələrin vətəndaşlarının hədəfə çevrilməsi beynəlxalq təhlükəsizlik baxımından olduqca təhlükəli presedent yaradır. Əgər belə praktika geniş vüsət alarsa, gələcəkdə digər münaqişə bölgələrində də oxşar metodlardan istifadə olunması istisna deyil”, – deyə politoloq bildirib.
Politoloqun fikrincə, problemin digər mühüm tərəfi beynəlxalq miqrasiya proseslərinə təsiridir. Xaricdə işləmək məqsədilə ölkəsini tərk edən insanların etimadının sarsılması qanuni əmək miqrasiyasına da mənfi təsir göstərə bilər. Nəticədə milyonlarla insanın xaricdə təhlükəsiz məşğulluq imkanları risk altına düşür, əmək bazarında qeyri-müəyyənlik artır.
Nicat İsmayılov hesab edir ki, Botsvana hökumətinin vətəndaşlarını xəbərdar etməsi və konsulluq kanalları vasitəsilə yardım göstərməyə çalışması mühüm addım olsa da, bu problem təkcə bir ölkənin imkanları çərçivəsində həll edilə bilməz. Burada beynəlxalq təşkilatların, regional qurumların və ayrı-ayrı dövlətlərin koordinasiyalı fəaliyyəti vacibdir.
Onun sözlərinə görə, BMT, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar insan alveri və məcburi əməyin yeni formalarının qarşısının alınması istiqamətində monitorinq mexanizmlərini gücləndirməli, risk qrupuna daxil olan ölkələrdə maarifləndirmə proqramlarını genişləndirməli, transmilli cinayətkar şəbəkələrin fəaliyyətinin ifşası üçün dövlətlər arasında hüquqi əməkdaşlığı daha da dərinləşdirməlidirlər.
Politoloqun fikrincə, sosial-iqtisadi problemlərin həlli də təhlükəsizlik siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir. İşsizliyin azaldılması, gənclər üçün yeni məşğulluq imkanlarının yaradılması, peşə hazırlığı proqramlarının genişləndirilməsi və qanuni əmək miqrasiyası mexanizmlərinin təkmilləşdirilməsi insanların saxta vədlərə aldanmasının qarşısını almaqda mühüm rol oynaya bilər.
İsmayılov bildirib ki, Botsvana hökumətinin açıqladığı faktlar bir daha göstərir ki, XXI əsrin müharibələri təkcə cəbhə xəttində deyil, insanların sosial vəziyyəti, iqtisadi çətinlikləri və gələcəklə bağlı arzuları üzərində də aparılır. Onun sözlərinə görə, yoxsulluğun və işsizliyin silahlı münaqişələr üçün insan resursuna çevrilməsi beynəlxalq hüququn fundamental prinsiplərinə, insan hüquqlarına və qlobal təhlükəsizlik sisteminə ciddi təhdid yaradır.
Politoloq vurğulayıb ki, bu tendensiyanın qarşısının alınması yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda sosial ədalətin təmin edilməsi, iqtisadi inkişafın dəstəklənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə mümkündür. Əks təqdirdə, yoxsulluqdan istifadə etməklə insanların müharibələrə cəlb edilməsi praktikası gələcəkdə daha geniş miqyas alaraq dünya təhlükəsizliyi üçün daha ağır nəticələr doğura bilər.
İradə Cəlil, Bizimyol.info