Sürücülər yollardakı xətlənmələrdən, hərəkətin təşkilində ortaya çıxan problemlərə görə cərimələrin çoxluğundan ciddi şəkildə narazıdır. Sosial mediada narazılıq getdikcə artır, bununla bağlı etiraz videoları bir-birini əvəz edir. Cərimə məbləğlərinin çoxluğu bir yana, problemlərə görə cərimə balları limitinin tez dolması ayrıca narazılıq yaradır.
Bizimyol.info xəbər verir ki, cəmiyyətdə tanınan şəxslər də bununla bağlı iradı dilə gətirməyə başlayıb. Yeni qanun layihəsinin hazırlanması zərurətindən söz açılır. Milli Məclisin iclasında deputat Naqif Həmzəyev bu məsələyə diqqət yönəldib.. O, cərimə ballarının maksimum həddinin artırılmasını təklif edib.
Naqif Həmzəyevin fikrincə, sürücülük hüququndan məhrumetmə üçün nəzərdə tutulmuş bal artırılmalıdır. Yəni sürücülər üçün təhlükəli hədd 40-50 olmalıdır. Onun fikrincə, xüsusilə taksi sürücülərini nəzərə almaq lazımdır. Onların cərimələnmək ehtimalı daha yüksəkdir.
Cərimə balları dünyanın bir çox ölkəsində var. Məsələn, Yaponiyada 15 bal həddinə çatmaq sürücülük hüququndan məhrum edilmək anlamına gəlir. Asiya ölkəsində təkcə sərxoş halda avtomobil idarə etməyə görə 25 bal tətbiq olunur. Bəzi ölkələrdə 8-10 bala çatanda bir neçə ay avtomobil sürməkdən məhrum olursan. Amma həmin dövlətlərdə hərəkətin təşkili yüksək səviyyədədir. Bizdə xətlənmələr rüsvayçı vəziyyətdədir. Bütün yeniliklər sürücüləri tələyə salmaq təəssüratı yaradır. Bir yapon sürücü bu qədər mürəkkəb mexanizmdə həyatda qalmağa çalışmır. Yapon taksi sürücüsü sərnişin mindirib-düşürməyə görə 80 manat, üstəlik, 2 ballıq cərimə ilə üz-üzə qalmır. Orada uyğun xidmət üçün bütün kriteriyalar nəzərə alınıb.
Həqiqətən də, taksi sürücüləri üçün işləməyə münbit şərait yoxdur. Onlar istər-istəməz həftə ərzində bir neçə dəfə cərimələnməli olurlar. Xüsusilə sərnişin mindirib-düşürmək ciddi məbləğlər, üstəlik, ballar hesabına başa gəlir.
AYNA-nın məsələlərə yanaşması göstərir ki, sürücüləri nəzərə alacaq addımları gözləməyə dəyməz. Cəmiyyətin narazılığına münasibət belə deməyə əsas verir. AYNA heç vaxt həssas davranışı ilə seçilməyib. Bu halda ümid yalnız balların maksimum həddinin artırılmasına qalır. Cərimə məbləğləri onsuz da yüksəkdir. Üstəlik, çörəkpulu qazanmaq üçün yola çıxmış sürücüləri işsiz qoyuruq.
Aytən, Bizimyol.info