İsrail Mərkəzi Seçki Komissiyasının sədri, Ali Məhkəmənin sədr müavini, hakim Noam Solberq hazırkı hökumət nazirlərinə qarşı qaldırılan iddiaları təmin edib. İddialar onların rəsmi iş kabinetlərində birbaşa seçki təbliğatı xarakterli videolar çəkməsi ilə bağlı olub.
Bizimyol.info xəbər verir ki, hakimin qərarına əsasən, nazir kabineti ictimai mülkiyyət sayılır və ondan seçki kampaniyası məqsədilə istifadə etmək qanunla qəti şəkildə qadağandır. Şikayətlər vəkil və auditor Yaron Meiri tərəfindən təqdim edilib.
Məsələ “Likud” partiyasını və bir sıra nazirləri — Yoav Kiş, Miki Zohar, Miri Regev, Yariv Levin və David Amsalem — əhatə edib. İddialara görə, dövlət simvolları və bayraqlar fonunda rəsmi ofislərdə “TikTok” üçün siyasi məzmunlu videolar hazırlanıb. Şikayətçi bununla Seçki Qanununun 2a maddəsini pozduğunu bildirib; həmin maddə dövlət resurslarından seçki məqsədilə sui-istifadəni qadağan edir.
Nazirliklər və hökumətin hüquq müşaviri bu mövqeni dəstəkləyərək videoların seçicilərə təsir məqsədi daşıdığını qəbul ediblər. Nazirlər və “Likud” isə bunun ifadə azadlığı olduğunu, videoların birbaşa səsvermə çağırışı ehtiva etmədiyini iddia ediblər.
Hakim Noam Solberq müdafiə tərəfinin arqumentlərini rədd edərək bildirib ki, məhdudiyyət fikrin ifadəsinə deyil, həmin fikrin harada ifadə olunmasına aiddir. Eyni zamanda qeyd edilib ki, “nazir” titulunun istifadə olunması və ya dövlət bayrağının görünməsi qayda pozuntusu hesab edilmir.
David Amsalemə qarşı iddia isə onun videoları məhkəmə iclasından əvvəl silməsi səbəbindən ləğv olunub, lakin o və partiya 2 000 şekel məhkəmə xərclərini ödəməyə məcbur edilib.
Digər nazirlərlə bağlı iddialar isə tam təmin edilib və məhkəmə mübahisəli “TikTok” videolarının dərhal silinməsini əmr edib. Bundan əlavə, “Likud” partiyası və siyasətçilər iddiaçının məhkəmə xərclərini də ödəyəcəklər. Ödənişlər belə bölünüb: Təhsil naziri Yoav Kiş və Mədəniyyət və İdman naziri Miki Zohar hər biri 2 500 şekel, Nəqliyyat naziri Miri Regev 9 000 şekel, Ədliyyə naziri Yariv Levin isə 11 000 şekel cərimə ödəyəcək.
Bizimyol.info