Azərbaycan mənzil sahibi olmağın "lüks" sayıldığı dönəmə qədəm qoyur?
Azərbaycan mənzil sahibi olmağın "lüks" sayıldığı dönəmə qədəm qoyur?

Son illərdə Azərbaycanın, xüsusilə də paytaxt Bakının daşınmaz əmlak bazarında müşahidə olunan kəskin qiymət artımı sadəcə iqtisadi deyil, həm də ciddi sosial problemə çevrilməkdədir. Bir vaxtlar hər bir ailə üçün əlçatan hədəf olan "ev sahibi olmaq", bu gün bir çoxları üçün uzaq xəyala, bəziləri üçün isə ömür boyu davam edən borc öhdəliyinə çevrilib. Bu prosesdə ölkəmizin Türkiyə modelinə bənzəməsi və insanların məcburi kirayə həyatına sürüklənməsi reallığı artıq qaçılmazdır.

Mənzil bazarındakı bahalaşma bir neçə zəncirvari faktorun nəticəsidir. İlk növbədə, tikinti materiallarının qlobal və yerli bazarda bahalaşması maya dəyərini artırır. Lakin məsələ təkcə xərclərdə deyil. Şəhərin mərkəzi hissələrindəki "köhnə məhəllələrin" sökülməsi və genişmiqyaslı yenidənqurma işləri böyük bir kütləni mənzil axtarışına sövq edib. Tələbin süni şəkildə artması, təklifin isə bu sürətə çatmaması qiymətləri "od bahasına" edib.

Türkiyədə son illərdə yaşanan hiper-inflyasiya və xarici investorların axını ev qiymətlərini əlçatmaz həddə çatdırdı. Azərbaycanda da oxşar mənzərə yaranır.

İnsanlar artıq mənzilə yaşayış yeri kimi deyil, pullarını inflyasiyadan qorumaq üçün etibarlı aktiv kimi baxırlar. Paytaxtda bir çox yeni tikililər satılsa da, daxilində yaşayış yoxdur. Bu mənzillər sadəcə qiymətinin artması gözlənilən "rəqəmsal aktivlər" kimidir.

Ev ala bilməyən orta təbəqə və gənclər üçün yeganə seçim kirayədir. Lakin kirayə bazarı da öz növbəsində "qızıl dövrünü" yaşayır. Bu gün Bakının mərkəzində və hətta kənar rayonlarında kirayə haqları minimum əməkhaqqı ilə müqayisədə dəfələrlə yüksəkdir.

Bu vəziyyət cəmiyyətdə yeni bir təbəqənin "daimi kirayənişinlər" sinfinin formalaşmasına səbəb olur. Gənc ailələr ev sahibi ola bilmədikləri üçün nikahlarını təxirə salır və ya valideynləri ilə bir evdə yaşamağa məcbur olurlar. Bu isə öz növbəsində demoqrafik göstəricilərə və psixoloji gərginliyə mənfi təsir göstərir.

Əgər mənzil bazarında tənzimləmə mexanizmləri gücləndirilməzsə, sosial mənzil layihələri genişləndirilməzsə və ipoteka şərtləri real gəlirlərə uyğunlaşdırılmazsa, Azərbaycan daşınmaz əmlak bazarı sadə vətəndaş üçün "bağlı qapı" olaraq qalacaq. Ev sahibi olmaq artıq bir nailiyyət deyil, bir lüks statusuna çevrilir ki, bu da cəmiyyətin gələcək rifahı üçün ciddi siqnaldır.

Leyla Mirzə, Bizimyol.info