Zəhərli uşaq qidaları Azərbaycana da idxal olunubmu? AQTA-dan açıqlama
Zəhərli uşaq qidaları Azərbaycana da idxal olunubmu? AQTA-dan açıqlama

Avstriyada uşaq qidası məhsullarından birində siçan zəhəri tapılması ilə bağlı ciddi narahatlıq yaranıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, polis Avstriyada HiPP şirkətinə məxsus bir bankada zəhərli maddə aşkar edib.

Araşdırmaya səbəb alıcılardan birinin şikayəti olub. Təhlükəsizlik narahatlıqları səbəbindən məhsul ölkə üzrə 1,5 mindən çox mağazadan geri çağırılıb.

Bundan əlavə, yoxlamalar zamanı oxşar uşaq qidası məhsullarında zəhərli maddə izləri Çexiya və Slovakiyada da aşkarlanıb.

Şirkət nümayəndələri isə hadisənin təchizat zəncirinə kənar müdaxilə nəticəsində baş verdiyini bildiriblər.

  • Azərbaycanda həmin uşaq yeməyi satılırsa, təhlükəsizliyi necə yoxlanılır?

Yaranan suallarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinə (AQTA) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, uyğunsuzluq aşkarlanan uşaq qidası ölkəmizə idxal edilməyib:

“Mediada "Hipp" əmtəə nişanlı uşaq qidası bankalarında siçan zəhəri aşkarlanması ilə bağlı yayılan məlumatları Qida Təhlükəsizliyi Agentliyi araşdırıb.

Sözügedən uyğunsuzluq faktı Avstriyada qeydə alınıb. Həmin ölkənin hüquq-mühafizə orqanları bunu kriminal hal kimi araşdırılır. Araşdırmanın nəticəsinə görə, məhsulların bəzilərində qablaşdırmaya müdaxilə edildiyi ehtimal olunur. Bu da hadisənin istehsal mərhələsində deyil, paylanma və ya pərakəndə satış zəncirində qəsdən törədilmiş təxribat xarakterli olduğunu göstərir.

Bildiririk ki, uyğunsuzluq aşkarlanan məhsul 190 qramlıq qablaşdırmada məhdud sayda istehsal olunub və həmin çəkidə olan məhsullar Azərbaycana idxal edilməyib.

Hazırda başqa qablaşdırmada satışı həyata keçirilən məhsullar isə ölkəyə idxal olunarkən, müvafiq şəkildə yoxlandıqdan sonra dövriyyəsinə icazə verilib. Bununla belə məsələnin həssaslığı və mediada yayılmasını nəzərə alaraq Agentliyin müfəttişləri satışda olan həmin məhsullardan təkrar nümunələrin götürməyi nəzərdə tutur. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

Günel Həsənova, Bizimyol.info