Qlobal təhlükəsizlik arxitekturasında yeni dönəm - Azərbaycanı regionda konstruktiv siyasi tərəfdaş kimi qiymətləndirilir
Qlobal təhlükəsizlik arxitekturasında yeni dönəm - Azərbaycanı regionda konstruktiv siyasi tərəfdaş kimi qiymətləndirilir

“Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclası qlobal siyasi gündəmdə mühüm hadisə kimi dəyərləndirilir. Bu mötəbər toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trumpun dəvəti ilə iştirak edib. Bu faktın özü Azərbaycan–ABŞ münasibətlərinin strateji mahiyyətini və ölkəmizin beynəlxalq sülh təşəbbüslərində artan rolunu bir daha nümayiş etdirir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Sülh Şurasının ilk iclasının məhz Vaşinqtonda keçirilməsi təsadüfi deyil: “ABŞ beynəlxalq təhlükəsizlik və siyasi dialoq platformalarının formalaşmasında aparıcı aktorlardan biridir. Yeni yaradılmış bu formatın məqsədi regional münaqişələrin həlli, post-münaqişə bərpa prosesləri, enerji təhlükəsizliyi, humanitar əməkdaşlıq və çoxtərəfli diplomatiyanın təşviqidir. Azərbaycan Prezidentinin bu iclasa dəvət olunması ölkəmizin regionda sabitləşdirici aktor kimi qəbul edildiyini göstərir. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar, Azərbaycanın təşəbbüsü ilə aparılan sülh danışıqları və normallaşma prosesi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir”.

Azərbaycan ilə ABŞ arasında münasibətlər uzun illərdir qarşılıqlı maraq və hörmət prinsipləri əsasında inkişaf edir. Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, Əfqanıstan missiyası çərçivəsində əməkdaşlıq, regional sabitlik məsələləri bu əlaqələrin əsas istiqamətlərini təşkil edir”-deyə Nicat İsmayılov vurğulayıb.

Politoloq bildirib ki, Vaşinqtonda keçirilən Sülh Şurasının iclası göstərdi ki, ABŞ Azərbaycanı regionda etibarlı tərəfdaş və konstruktiv siyasi oyunçu kimi qiymətləndirir: “Cənab Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli sülh modelinin vacibliyi xüsusi vurğulanıb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, davamlı sülh yalnız suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında mümkündür”.

Son illər Azərbaycan yalnız hərbi-siyasi baxımdan deyil, diplomatik və humanitar sahədə də fəal təşəbbüslərlə çıxış edir. Bakı platforması çərçivəsində müxtəlif beynəlxalq forumların keçirilməsi, Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal həmrəyliyə verdiyi töhfələr ölkəmizin multilateral diplomatiyada artan rolunu göstərir”-deyə politoloq qeyd edib.

Nicat İsmayılov bildirib ki, Vaşinqtonda keçirilən iclasda Azərbaycanın post-münaqişə dövründə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarının tətbiqi də diqqətə çatdırılıbu yanaşma göstərir ki, Azərbaycan sülhü yalnız siyasi sənəd kimi deyil, davamlı inkişaf modeli kimi təqdim edir”.

Sülh Şurasının ilk iclası həm də yeni geosiyasi balansın formalaşması baxımından əhəmiyyətlidir. Azərbaycan balanslaşdırılmış xarici siyasət kursu yürüdərək həm Qərb, həm də digər qlobal güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurur. ABŞ ilə dialoqun yüksək səviyyədə davam etməsi bu siyasətin uğurlu nəticəsidir”-deyə politoloq vurğulayıb.

Nicat İsmayılov hesab edir ki, Vaşinqton görüşü iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi və enerji sahəsində yeni layihələrin müzakirəsi, həmçinin regional təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsi üçün əlavə imkanlar açır.

Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və təşəbbüskar diplomatiyasının növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu mühüm platformada iştirakı ölkəmizin qlobal siyasi gündəmdə söz sahibinə çevrildiyini göstərir. Bu hadisə həm Azərbaycan–ABŞ strateji tərəfdaşlığının yeni mərhələyə keçdiyini, həm də Azərbaycanın sülh, sabitlik və davamlı inkişaf naminə həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info