“Müasir beynəlxalq sistemdə dövlətlərin iqtisadi inkişaf səviyyəsi mövcud resursların hansı xarici siyasət strategiyası çərçivəsində idarə olunması ilə də birbaşa bağlıdır. Azərbaycanın son illərdə formalaşdırdığı balanslı və çoxşaxəli xarici siyasət modeli milli iqtisadiyyatın sabitliyi və uzunmüddətli inkişaf perspektivləri üçün mühüm əhəmiyyət kəsb edir. Sözügedən yanaşma ölkəyə qlobal geosiyasi dəyişikliklər fonunda çevik qərarvermə imkanı yaratmaqla yanaşı, iqtisadi risklərin məhdudlaşdırılmasına xidmət edir.
Azərbaycanın xarici siyasət strategiyasının əsas xüsusiyyəti beynəlxalq münasibətlər sistemində hər hansı bir güc mərkəzinə institusional asılılıq formalaşdırmadan müxtəlif tərəfdaşlarla paralel əməkdaşlıq münasibətlərinin qurulmasıdır.
Avropa İttifaqı, Rusiya, Türkiyə, Çin, ABŞ, İsrail və region ölkələri ilə saxlanılan qarşılıqlı faydaya əsaslanan əlaqələr ölkənin ticarət coğrafiyasının genişlənməsinə, investisiya mənbələrinin şaxələndirilməsinə və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə şərait yaradır”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Əli Səlimov bildirib ki, Türkiyə ilə strateji münasibətlər Azərbaycanın çoxşaxəli xarici siyasətinin əsas sütunlarından biri kimi çıxış edir.
“Türkiyə ilə əməkdaşlıq yalnız siyasi və hərbi sahələrlə məhdudlaşmır, eyni zamanda enerji, nəqliyyat, sənaye və ticarət sahələrində də dərin iqtisadi əhəmiyyət daşıyır. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi enerji layihələri, eləcə də Trans-Anadolu Qaz Boru Kəməri Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynayaraq ölkənin ixrac potensialını və büdcə gəlirlərini gücləndirmişdir. Xarici siyasətdə sabit mövqenin mövcudluğu qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Bu baxımdan Türkiyə ilə formalaşmış iqtisadi inteqrasiya nəqliyyat-logistika, sənaye kooperasiyası və xidmət sektorlarında əlavə imkanlar yaradır. Orta Dəhliz çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığı ölkənin tranzit potensialını artırmaqla yanaşı, regional ticarət axınlarında rolunu möhkəmləndirir”-deyə iqtisadçı qeyd edib.
Əli Səlimov bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış etməklə yanaşı, regional enerji dialoqunu da qorumağa nail olmuşdur.
“İsrail ilə mövcud strateji əlaqələr xüsusi əhəmiyyət daşıyır. İsrail Azərbaycanın əsas enerji tərəfdaşlarından biri olmaqla yanaşı, yüksək texnologiyalar, innovasiya yönümlü kənd təsərrüfatı, su idarəçiliyi və rəqəmsal həllər sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Son vaxtlarda Süni İntellekt sahəsində imzalanan memorandum da Azərbaycan iqtisadiyyatında texnoloji komponentin gücləndirilməsi baxımından strateji xarakter daşıyır”-deyə Əli Səlimov qeyd edib.
İqtisadçı, 10 fevral tarixində Azərbaycan-ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından da söz açıb. Əli Səlimov bildirib ki, Xartiya Azərbaycanın xarici siyasətində artıq yeni mərhələnin başlanğıcı olaraq dəyərləndirilə bilər.
“Ermənistanla sülh gündəliyinin irəliləməsi də Cənubi Qafqaz regionunda uzunmüddətli təhlükəsizlik mühitinin formalaşmasına şərait yaradır. Regionda münaqişə risklərinin azalması iqtisadi resursların daha səmərəli istiqamətlərə yönəldilməsinə imkan verir. Azərbaycanın balanslı xarici siyasət modeli milli iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyan çoxşaxəli üstünlüklər yaradır. Aparılan xarici siyasətin nəticəsi olaraq Cənubi Qafqaz artıq münaqişə zonası olmaqdan çıxaraq yeni mərhələyə keçid edib. Bu mərhələ isə Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyi və dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”-deyə Əli Səlimov qeyd edib.
İradə Cəlil, Bizimyol.info