Qurban Qurbanovun səssiz dərsi - Liderlik tribunadan yox, meydandan başlayır
Qurban Qurbanovun səssiz dərsi - Liderlik tribunadan yox, meydandan başlayır

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov növbəti dəfə heç bir açıqlama vermədən, heç bir iddia səsləndirmədən gündəmin mərkəzinə düşməyi bacardı. Bu dəfə səbəb qələbə, taktika və ya rekordlar deyil sadə, amma çox mənalı bir hərəkətdir.

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində Şamaxıda keçirilən “Şamaxı” – “Qarabağ” oyunu öncəsi güclü qar yağışı səbəbindən stadionun meydançası qardan təmizlənirdi. Həmin anlarda meydanda çalışanların arasında Qurban Qurbanovun da olması sosial şəbəkələrdə yayılan görüntülərlə üzə çıxdı. Baş məşqçi, əlində kürək, heç kimdən üstün olduğunu göstərmədən, sadəcə işini görürdü. Bu görüntü bir çox sözlərdən daha təsirli oldu.

Matçın 20 dəqiqə gecikdirilməsinə səbəb olan hava şəraiti fonunda Qurban Qurbanovun bu davranışı onun liderliyinin mahiyyətini bir daha ortaya qoydu. O, vəzifəsini tituldan, statusdan üstün tutmayan, kollektiv ruhunu sözlə yox, əməli ilə göstərən insanlardandır.

Qurban Qurbanov hər ötən gün insanların sevgisini daha çox qazanır. Amma bunu pafoslu çıxışlarla, süni jestlərlə etmir. Onun gücü səssizliyində, sadəliyində və səmimiyyətindədir. Meydanda necə tələbkardırsa, həyatın içində də bir o qədər təvazökardır.

Bu hərəkət göstərdi ki, əsl nüfuz kabinetlərdə deyil, insanların arasında qazanılır. Əsl liderlik isə təkcə göstəriş vermək yox, çətin anda hamı ilə çiyin-çiyinə dayanmaqdır. Bəlkə də bu görüntü futbol tarixində statistikaya düşməyəcək. Amma insanların yaddaşında, xüsusən də gənclərin şüurunda qalacaq bir dərs oldu. Böyük olmaq üçün səs-küyə ehtiyac yoxdur. Qurban Qurbanov bunu illərdir sübut edir. Bu dəfə isə sadəcə qardan təmizlənən bir meydanda, səssiz-sədasız.

Leyla Mirzə, Bizimyol.info