"Revanşist, sülhə zərər verən düşüncə və tezisləri qlobal arenaya daşıyan “saxta sülh inisiativi”nin məqsədləri ifşa edilməlidir"
"Revanşist, sülhə zərər verən düşüncə və tezisləri qlobal arenaya daşıyan “saxta sülh inisiativi”nin məqsədləri ifşa edilməlidir"

"Fransa Senatının bəhsolunan qərəzli qətnaməsi və İsveçrə parlamenti üzvü Erich von Tobelin keçmiş qondarma rejimin nümayəndələri ilə görüşərək beynəlxalq hüquqazidd açıqlamalar verməsi Qərbi Azərbaycan İcmasının bəyanatında da qeyd olunduğu kimi, sülhə maneə cəhdidir. Paşinyan özü də daha öncə etiraf etmişdi ki, Ermənistanla Azərbaycan arasında sülhə mane olmağa çalışan qüvvələr var və bu qüvvələr həm Ermənistanın daxilində, həm də onun hüdudlarından kənardadır. Bu qüvvələrin fəaliyyətinin əsas məqsədi iki ölkə arasında sülhə əngəl olmaq, eyni zamanda Azərbaycana qarşı Qarabağ ermənilərinin geri dönüşü və həbsdə olan erməni canilərinin azad olunması mövzularında beynəlxalq təzyiq formalaşdırmaqdır. Bunlar qlobal-revanşist erməni şəbəkəsi və onların havadarlarıdır".

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə bildirib ki, təsadüf deyil ki, müvafiq siyasi dairələrin əli ilə yaradılan “İsveçrə Sülh İnisiativi” ötən il 9 iyul tarixində cənab Prezident İlham Əliyevlə Paşinyanın Əbu-Dabidə mühüm razılaşmalara gətirib çıxaran görüşündən bir gün əvvəl də ABŞ konqresində dinləmələr keçirmiş, revanşist ideyaları təkrar gündəmə gətirmişdi.

Şəhla Cəlilzadə hesab edir ki, bu “inisiativ qrupunun” həmsədrlərindən biri məhz Tobeldir: “Tobel İsveçrə parlamentariləri və hökümətini inandırmağa çalışır ki, guya Azərbaycanın növbəti hədəfi Zəngəzur dəhlizinin "işğal" edilməsidir. O, həmçinin Qarabağ ermənilərinin qayıtması üçün propoqanda aparır, beynəlxalq təzyiq mexanizmi formalaşdırmağa çalışır. Başqa sözlə, revanşist qüvvələrin simasıdır. Həmçinin, bu “inisiativ” qrupunun təşəbbüsü ilə ötən il ABŞ administrasiyasına təzyiq formalaşdırmaq üçün 87 ABŞ Konqresmeninin dövlət katibinə müraciət ünvanlaması, Fransa parlamentində anti-Azərbaycan qətnamələrin (erməni məhbusların azadlığı üçün beynəlxalq mexanizmin yaradılmasına çağıran qətnamənin ötən il və bu il təkrar) qəbul olunması, Britaniyada 100 parlamentarinin “İsveçrə Sülh İnisiativi”ni dəstəkləməsinə dair müvafiq bəyanat yayması, Avropa Parlamenti və bəzi Avropa ölkələrinin parlamentlərində anti-Azərbaycan inisiativlərinin gündəmə gətirilməsi xatırlana bilər”.

Sülhə əngəl olmaq üçün həyata keçirilən bu inisiativlərin hər biri 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmasından sonra anlamını itirsə də, İsveçrə hökümətinin özü İsveçrədə yaradılan müvafiq “inisiativ qrupu”nun çağırışları rədd etdiyini ötən il bəyan etsə də, qlobal erməni şəbəkəsi və onların havadarlarının gələcək təşəbbüslərini gözardı etmək olmaz. Onların fəaliyyətinin davam etdiyini görürük. Bu dəfəki Əbu-Dabi görüşü ərəfəsində Fransa Parlamentinin, İsveçrədəki müvafiq dairələrin aktivləşməsi də bunu göstərir”-deyə politoloq qeyd edib.

“Revanşist, sülhə zərər verən düşüncə və tezisləri qlobal arenaya daşıyan “saxta sülh inisiativi”nin məqsədlərinin ifşası, fəaliyyətinin qarşısının alınması məqsədlə Azərbaycan və Ermənistan birgə, real sülh inisiativi qrupunun yaradılması üzərində düşünülə bilər”-deyən Şəhla Cəlilzadə bildirib ki, bu inisiativ qrupu birgə tarix yaradıcılığı, sülhün beynəlxalq təşviqi tədbirlərinin təşkilində iştirak edə bilər.

İradə Cəlil, Bizimyol.info