Daha bir ölkədə kitab oxuyan məhkumların cəzası azaldılacaq
Daha bir ölkədə kitab oxuyan məhkumların cəzası azaldılacaq

Özbəkistan həbsxanalarında yeni qayda tətbiq olunub. Həmin qaydaya görə, kitab oxuyan məhbusların cəzası azaldılacaq. Bu türk dövlətində məhkumun oxuduğu hər kitaba görə cəzası maksimum 3 gün azaldıla bilər. İl ərzində isə məhkumun cəza müddətindən ən çox 30 gün silinə bilər. Başqa sözlə, şəxs beş illik cəza alıbsa, kitab oxuma normasına əməl edərsə, həbsxanada 5 il deyil, 4 il 7 ay qalacaq.

Bu, əslində birinci dəfə deyil; Özbəkistandan əvvəl bu qanun Braziliyada və Boliviyada tətbiq olunub. Eləcə də, Qazaxıstanın bir regionunda da sınaqdan keçirilib.

Braziliya 2000-ci illərin sonundan bu humanist mexanizmi sınamağa başlamışdı və 2012-ci ildən tətbiq edir. "Oxu vasitəsilə cəzanın azaldılmas" adlanan bu proqram üzrə bir məhkumun hər oxuduğu və hesabatını verə bildiyi kitaba görə, cəza müddətindın 4 gün çıxılır. Bu, il ərzində ən çox 12 kitab və cəza müddətindən maksimum 48 gün çıxılması deməkdir.

Azərbaycanda belə bir qayda yoxdur. Doğrudur, penitensiar müəssələrində kitabxanalar var, ancaq bu, sadəcə, məhkumların vaxtını keçirməsi üçündür.

Əgər Braziliyada, Boliviyada, Özbəkistanda olduğu kimi Azərbaycanda da kitab oxumaq məhkumların cəzasını yüngülləşdirməyə yönəldilsə, bu, ölkənin penitensiar müəssisələrində davranış qaydalarına, mənəvi psixoloji ovqata müəyyən təsir göstərə bilər.

Dünya Həbsxana Statistika Məlumat Bazasındakı dataya əsaslansaq, 2025-ci ildə Azərbaycan penitensiar müəssisələrində 26 min 984 nəfər məhkum var. Həmin mənbəyə görə, bu rəqəm 2022-ci ilin əvvəlində 22 min 334 nəfər olub.

Beləliklə, Azərbaycan həbsxanalarında 27 min nəfərə yaxın potensial oxucu var. Penitensiar Xidmət ildə hər məhkuma görə çox yox, heç olmasa, 1 nüsxə yeni kitab alsa, bu, 27 min nüsxəyə yaxın edir. Bir nüsxə orta hesabla 10 manatdan hesablansa, bu, 270 min manata yaxın vəsait deməkdir ki, bu da dövlət büdcəsi üçün böyük vəsait deyil. Ancaq yazıçıların sosial vəziyyətinə müəyyən qədər müsbət təsir edə bilər.

Seyid Əhmədli, bizimyol.info