Azərbaycanda 2026-cı ilin əvvəlinə 34 min 776 həkim fəaliyyət göstərsə də, bəzi rayon və şəhərlərdə həm həkimlərin ümumi sayı, həm də əhaliyə düşən həkim təminatı olduqca aşağı səviyyədədir.
Bizimyol.info xəbər verir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı ilin əvvəlində olan rəsmi statistikada ən az həkim Xankəndi şəhərindədir. Burada cəmi 3 həkim fəaliyyət göstərir. Eyni zamanda, hər 10 min nəfərə 6,8 həkim düşür.
Sonrakı yerlərdə Xocalı rayonu (8 həkim, hər 10 min nəfərə 5,1 həkim), Sədərək rayonu (10 həkim, 4,3), Daşkəsən rayonu (15 həkim, 4,5), Kəngərli rayonu (17 həkim, 5), Şahbuz rayonu (21 həkim, 8,3), Cəbrayıl rayonu (22 həkim, 3), Yardımlı rayonu (29 həkim, 4,1), Xocavənd rayonu (30 həkim, 24), Lerik rayonu (35 həkim, 4), Ordubad rayonu (36 həkim, 7,1) və Culfa rayonu (38 həkim, 7,9) qərarlaşır.
Siyahının davamında Naftalan şəhərində 42 həkim (hər 10 min nəfərə 48,6), Zərdab rayonunda 51 həkim (8,5), Samux rayonunda 51 həkim (8,6), Ucar rayonunda 52 həkim (6,1), Gədəbəy rayonunda 54 həkim (5,3) və Oğuz rayonunda 57 həkim (12,7) fəaliyyət göstərdiyi bildirilib.
İşğaldan azad edilmiş rayonlar arasında həkim təminatı aşağı olaraq qalır. Belə ki, Cəbrayılda hər 10 min nəfərə cəmi 3 həkim, Kəlbəcərdə 6, Zəngilanda 3,7, Qubadlıda 4,3, Laçında isə 8,1 həkim düşür.
Müqayisə üçün deyək ki, ölkə üzrə orta göstərici hər 10 min nəfərə 33,9 həkim təşkil edir. Bakı şəhərində bu rəqəm 100,1, Naxçıvan şəhərində 49,1, Gəncə şəhərində isə 38,4-dür.
- Bu rəqəmlər az deyilmi?
- Həkim çatışmazlığını aradan qaldırmaq üçün nə etmək lazımdır?
Bu barədə Bizimyol.info xəbər portalına danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Bakı şəhərində adambaşına düşən həkim sayı çox, bölgələrdə isə aşağıdır:
“Ümumiyyətlə, rayonların sıx yerləşməsi, böyüklüyü, əhali sayı və s. asılı olaraq həkimə tələbat da fərqlidir. Hər 10 min nəfərə bir sahə həkimi (sovet dövründə belə adlanırdı, indi isə ailə həkimi deyilir) nəzərdə tutulur. Bununla yanaşı, məsələn, hər 1500 nəfərə bir terapevt, hər 800 uşağa isə bir pediatr nəzərdə tutulur. 10 min nəfər əhalinin içərisində bir cərrah, oftalmoloq, nevroloq kimi ixtisas sahibləri də olmalıdır.
Ancaq bu rəqəmlər sovet dövründə müəyyən ehtiyat nəzərə alınmaqla, hətta normadan bir qədər artıq hesablanırdı. Hazırda bu rəqəmlərdə ciddi fərqlər var. Məsələn, Bakı şəhərində adambaşına düşən həkim sayı çox olduğu halda, rayonlarda bu göstərici xeyli aşağıdır”.
Adil Qeybullanın sözlərinə görə, rayonlara həkimlərin getməsi stimullaşdırılmalıdır: “Xüsusilə nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun qurulması çox vacibdir. Ora təkcə əhalinin köçürülməsi ilə iş bitmir. Həmin ərazilərdə xəstəxanalar, məktəblər və başqa sosial infrastrukturun yaradılması ilə bağlı ciddi işlər görülməlidir. Bu baxımdan təkcə həkimlərin sayı deyil, onların ixtisas bölgüsü də çox önəmlidir.
Hesab edirəm ki, rayonlara həkimlərin getməsi stimullaşdırılmalıdır. Bunun üçün beynəlxalq təcrübələr mövcuddur və qardaş Türkiyənin təcrübəsindən də yararlanmaq olar. Beləliklə, həkimlərin rayonlarda işləməsini təmin etmək lazımdır”.
Adil Qeybulla əlavə edib: “Bu məsələdə 65 yaşdan yuxarı həkimlərin təcrübə və potensialından da istifadə olunmalıdır. Çünki belə olmasa, rayonlarda səhiyyə sistemi iflic vəziyyətinə düşə bilər. Əhalinin böyük hissəsi Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə cəmləşib, qalanları isə getdikcə deqradasiya edir. Bu şəkildə, əlbəttə ki, səhiyyə sistemi qurmaq olmaz. Bunu yəqin ki, müvafiq strukturlar nəzərə alacaqlar”.
Günel Həsənova, Bizimyol.info