"İddia olunduğu kimi "qara siyahı" olduğunu düşünmürəm, tədbirə Nazirliyin dəvət göndərdiyi şəxslər gedib"
Dünyaca məşhur karateçi Rafael Ağayev Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirinə dəvət edilməyib. Bu hal sosial şəbəkələrdə narazılıqla qarşılanıb və idmançının Nazirliyin "qara siyahısı"nda olduğu iddia olunur. "Buta Palace"da keçirilən qala gecəsinə idmançılarla yanaşı, blogerlər, müğənnilər və deputatlar da qatılıb.
Rafael Ağayev kimi dünyaca tanınmış idmançının 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimə dəvət olunmaması federasiya tərəfindən necə qiymətləndirilir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Azərbaycan Karate Federasiyasının (AKF) baş katibi Qabil Sayadov bildirib ki, Nazirlik kimə dəvət göndəribsə, o şəxslər gedib.
"2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Nazirlik kimə dəvət göndəribsə, o şəxslər gedib. Qeyd etdiyiniz "qara siyahı" məsələsinə gəlincə, mən belə bir siyahının mövcud olduğuna inanmıram.
Rafael Ağayev, Azərbaycan karatesinin ən parlaq simalarından biridir və ölkəmizin fəxridir", – deyə Qabil Sayadov bildirib.
Günel Həsənova, Bizimyol.info