"Yüksəksəviyyəli klublarla qarşılaşmada "Qarabağ” Futbol Klubunun iddialı oyun göstərməsi hamımızı sevindirir"
"Yüksəksəviyyəli klublarla qarşılaşmada "Qarabağ” Futbol Klubunun iddialı oyun göstərməsi hamımızı sevindirir"

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Napoli" - "Qarabağ" oyunu İtaliya və Azərbaycan klublarının avrokuboklarda doqquzuncu dueli olacaq. "Report"un məlumatına görə, indiyədək baş tutan 8 matçın 6-da italyanlar qalib gəlibsə, 2-də heç-heçə qeydə alınıb. "Neftçi" 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində "İnter"ə rəqib olub. Bakıda 1:3 hesabı ilə uduzan "ağ-qaralar" Milandakı qarşılaşmada heç-heçəyə nail olub - 2:2. Daha sonra "Qarabağ" 2014-cü ildə eyni turnirin qrup mərhələsində "İnter"lə üz-üzə gəlib. Səfərdə 0:2 hesabı ilə məğlub olan "köhlən atlar" evdə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi 2016-cı ildə də italyanlara rəqib olub. Bu dəfə "Fiorentina" UEFA Avropa Liqasındakı hər iki qarşılaşmadan qalib ayrılıb - 5:1, 2:1. Azərbaycan çempionu 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində "Roma" ilə qarşılaşıb. "Canavarlar" hər iki görüşdən üstün ayrılıb - 2:1, 1:0.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

“Qarabağ” Futbol Klubunun beynəlxalq arenadakı uğurunun ölkəmizə qazandırdığı sadəcə idman uğuru deyil, həm də siyasi imicdir. “Qarabağ” Futbol Klubu ölkəmizin diaspor nümayəndəsi kimidir. Ölkəmizə aid dəyəri dünya ictimaiyyətinin diqqətində saxlayır.

Bu gün keçiriləcək oyunun ölkəmiz adına həm idman, həm də siyasi arenada uğurlu strateji addımların nəticəsi kimi qiymətləndirmək olarmı?

Milli Məclisin deputatı Eyvaz Qurbanov mövzu ilə bağlı Bizimyol.info xəbər portalına bildirib ki, "nəticədən asılı olmayaraq bütün xalqımızı, bütün futbolsevərləri indidən təbrik edirəm".

“Qarabağımıza uğurlar arzu edirəm. Arzu edirəm ki, vətənimizə qələbə ilə dönsünlər. Unutmayaq ki, bu futbol oyunu sadəcə idmandır. Hər şey ola bilər. Bu gün “Qarabağ” Futbol Klubunun Avropanın, dünyanın bu səviyyəli komandaları ilə görüşməsi özlüyündə “Qarabağ”ın Azərbaycan komandasının nə səviyyədə olmasının göstərcisidir.

Nəticədən asılı olmayaraq bütün xalqımızı, bütün futbolsevərləri təbrik edirəm. Təbii ki, hamımız istəyirik ki, “Qarabağ” qələbə ilə dönsün. Bu gün Azərbaycan futbolunun “Qarabağ” Futbol Klubunun bu səviyyədə klublarla görüşməsi və iddialı olması bizim hamımızı sevindirir. Bir azarkeş kimi “Qarabağ”a uğurlar arzu edirəm”-deyə Eyvaz Qurbanov qeyd edib.

Günel Həsənova, Bizimyol.info