Futbol üzrə kişilər arasında Azərbaycan milli komandası üçün növbəti seçmə mərhələ uğursuzluqla başa çatdı. Dünya Çempionatının final mərhələsinə vəsiqə üçün keçirilən 6 oyunda cəmi 1 xal qazanıldı. Bu nəticə bizi qitənin ən zəiflərindən biri edir. Seçmə mərhələsinin başa çatmayan bir neçə görüşünün nəticəsini nəzərə almasaq, ən zəif 6 komandadan biri olmuşuq. İş orasındadır, son oyunlar bizi daha aşağı mövqeyə apara bilər.
Bizimyol.info xəbər verir ki, Azərbaycan milli komandasının yer aldığı qrupdan Fransa mundiala vəsiqə qazanıb. İkinci yeri Ukrayna tutub. Postsovet ölkəsinin komandası Polşada keçirilən oyunda İslandiyanı 2:0 hesabı ilə məğlub edərək məqsədinə çatıb. Ukrayna gələn yaz pley-off mərhələsində oynayacaq.
Pley-off mərhələsində 16 milli komanda mübarizə aparacaq. Əvvəlcə olimpiya sistemi ilə 8, sonra isə 4 qalib müəyyənləşəcək. Həmin 4 komanda Dünya Çempionatının final mərhələsində yarışacaq.
Pley-off mərhələsində oynayacaq komandaların əksərinin adına aydınlıq gəlib. İtaliya, Türkiyə, Polşa, Ukrayna, Çexiya, İrlandiya, Albaniya, Kosovo, İsveç, Rumıniya, Uels, Şimali Makedoniya, Şimali İrlandiya, Bosniya və Herseqovina istənilən halda mundiala vəsiqə şansını saxlayır. Yəni bu komandalar pley-off mərhələsində gücünü sınayacaq. Şotlandiya və Slovakiya barədə də eyni sözləri demək olar. Sadəcə, bu komandalar mundiala birbaşa gedə bilər. Yazı hazırlananda Almaniya – Slovakiya oyunu hələ başlamamışdı. Slovaklar qalib gələcəyi halda qrup qalibi ola bilər. Amma digər nəticələr Slovakiyanı pley-off mərhələsinə yönləndirir.
Şotlandiya – Danimarka oyunun noyabrın 18-də keçiriləcək. Şotlandlar qalib gəlsə, qrup qalibi olacaqlar. Heç-heçə və məğlubiyyət pley-off mərhələsinə getməkdən başqa yol qoymur. Şotlandların qalib gələcəyi halda Danimarka həmin 16 komandadan biri olacaq.
Təəssüf, bizim milli komanda barədə böyük ümidlərlə danışmaq olmur. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv indi yalnız Millətlər Liqasının D liqası barədə düşünmək məcburiyyətində qalıb. Təsəvvür edin, bu liqada daha San-Marino da yoxdur. Biz qitənin ən zəiflərindən sayılırıq. Futbolun inkişafına sərf olunan yüzmilyonlara heyifsilənməkdən başqa əlimizdən bir şey gəlmir.
Aytən, Bizimyol.info