“Nəyə görə sadəcə "stadion yaşıl görünsün, insanlara xoş gəlsin" deyə büdcəni boş-boşuna xərcləyək”
“Nəyə görə sadəcə "stadion yaşıl görünsün, insanlara xoş gəlsin" deyə büdcəni boş-boşuna xərcləyək”

Bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun son vəziyyəti barədə “Facebook” sosial şəbəkəsində “Qarabağ Football Club” səhifəsində paylaşım edilib. Paylaşımda stadionun ot örtüyünün tamamilə sıradan çıxdığı və yararsız olduğu açıq-aydın görünür. Qeyd edək ki, bu səhifə "Qarabağ" Futbol Klubunun rəsmi səhifəsi deyil və təmsilçi statusu daşımır.

  • Bakı Olimpiya Stadionunun ot örtüyünün sonuncu dəfə dəyişdirilməsi nə zaman həyata keçirilib?
  • Hal-hazırda ot örtüyünün bərpası və ya yenilənməsi ilə bağlı hər hansı bir tədbirlər görülürmü?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Bakı Olimpiya Stadionunun (BOS) mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə bildirib ki, stadionda futbolla bağlı cədvəl və ya hansısa müraciət daxil olmadığı üçün ot örtüyü bərpa edilməyib: “Ot örtüyü mütəmadi dəyişdirilən bir şey deyil, sadəcə renovasiya olunur. Ot örtüyünün bu vəziyyətdə olmasının səbəbinə gəldikdə deyə bilərəm ki, avqust ayında “Qarabağ” Futbol Klubu Çempionlar Liqasına çıxanda oyunların Tofiq Bəhramov adına stadionda oynanacağı məlum oldu. Ötən il baş tutan COP 29 tədbirindən sonra və onun de montaj işlərinin yekunlaşması bu ilin mart-aprel aylarına təsadüf edirdi. Ondan sonra təbii ki, ot örtüyünü bərpa edə bilərdik. Amma qarşımızda heç bir futbol oyunu yox idi, əvəzində isə iyul ayında “Castin Timberleyk”in (Justin Timberlake) konseti var idi. Yəni konsertdən sonra yenidən ot örtüyünün yararsız hala düşəcəyini nəzərə alıb biz o ot örtüyünü bərpa etmədik. Nəyə görə sadəcə stadion yaşıl görünsün, insanlara xoş gəlsin deyə büdcəni boş-boşuna xərcləyək. Amma bilirik ki, yay aylarında ot örtüyünün üzəri həftələrlə bağlı qalacaq və xarab olacaq. Ona görə biz bunu bərpa etmədik. Konsertdən sonra - iyul ayının sonunda avqust ayının əvvəli biz işlərə başlaya bilərdik. Amma bizdə futbolla bağlı cədvəl olmadı və heç bir müraciət daxil olmadığı üçün biz ona görə ot örtüyünü bərpa etmədik. Ardınca da artıq milli komanda da Fransa ilə oyun üçün UEFA-ya Tofiq Bəhramov adına Respublika stadionunu sifariş verdi. Yəni burda bizim otu bərpa etməyə heç bir səbəbimiz yox idi. Ona görə nəzərə alaq ki, gələn il BMT ilə bağlı başqa bir tədbir var və yenidən ot örtüyünün üzərində müəyyən bir konstruksiyalar tikiləcək. Beləliklə, ot örtüyü yenidən yararsız hala düşəcək. Avqust ayında, oyunların olmayacağını bilə-bilə, əgər desəydik ki, "ot örtüyünü bərpa edək", bu, gələn il may ayında onun yenidən dağılmasına səbəb olacaqdı. Bu da artıq bir əlavə xərc demək idi. Məhz buna görə tədbirlər nəzərə alındı və ot örtüyünün bərpası həyata keçirilmədi. Yəni sosial şəbəkədəki şərhlərdə deyilən kimi, guya ota baxa bilməyiblər və ya pul başqa yerə xərclənib, belə deyil. Səbəb sadəcə keçmiş və gələcək tədbirlərlə bağlı idi”.

Fərid Əsədzadə vurğulayıb ki, hazırda ehtiyat meydançada 2 klub məşq edir: “Qeyd edim ki, təkcə stadionumuzda hamının gördüyü 69 minlik arena yoxdur, həmçinin 3 ədəd təbii ot örtüklü ehtiyat meydança mövcuddur. Hal-hazırda 2 klub məşq edir. Bu meydançalar standartlara cavab verir və yamyaşıl təbii ot örtüyüdür. Əgər biz onları bərpa edə bilmişiksə, deməli, əsas meydançanı da bərpa edə bilərdik. Etməməyimizin səbəbi, lüzumsuz xərclərə yol verməməkdir.

“Qarabağ” Çempionlar Liqasına çıxdıqda, ilk oyunları sentyabrın ya 2-ci, ya da 3-cü həftəsi idi. Təbii ot örtüyünün bərpası üçün isə yalnız 3 həftə vaxt vardı ki, bu da otun təbii şəkildə yenidən bitməsi üçün kifayət etmirdi. Otun birbaşa əkilməsi mümkündür, amma bu da çox böyük xərclərlə bağlıdır. Üstəlik, həmin vaxtdan aylar öncə artıq təsdiqlənmişdi ki, gələn il burada BMT-nin bir tədbiri keçiriləcək və tikinti işləri başlayacaq. Belə şəraitdə yalnız “Qarabağ”ın iki oyununa ev sahibliyi etmək üçün böyük vəsait sərf etmək məntiqli deyildi”.

Günel Həsənova, Bizimyol.info