Adı "mərc" skandalında hallanan futbolçu... AFFA: "Mert Çelik uzun müddətdir ki, Milli Komandaya dəvət almır"
Adı "mərc" skandalında hallanan futbolçu... AFFA: "Mert Çelik uzun müddətdir ki, Milli Komandaya dəvət almır"

Azərbaycan millisinin futbolçusu Mert Çelik mərc oyunlarında iştirakda ittiham olunur. Operativ Media xəbər verir ki, hazırda “Sivasspor”un şərəfini qoruyan futbolçunun adı Türkiyə Futbol Federasiyasının mərc oyunlarında iştiraka görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdiyi siyahıda var. Mert Çelik barəsində cinayət işi açılıb. O, istintaq bitənə qədər futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. Futbolçu bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib. Mert Çelik daha öncə Azərbaycanın U-21 yığması, “Neftçi” və “Səbail”də də çıxış edib.

Ölkəmizi təmsil edən bir şəxsin bu cür qeyri-qanuni fəaliyyətdə olması ölkə millimizin imicinə zərbə vuran məsələdir.

AFFA bu məsələ ilə bağlı hansısa addım atacaqmı? (töhmət, cərimə, cəza və s.)

Yaranan suallara cavab tapmaq üçün AFFA-ya sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Milli komandada müqavilə olmur, milli komandada sistem ayrıdır. Futbolçu hansısa bir futbol klubunda oynayır, o klubla müqaviləsi var və onu milli komandaya dəvət eləmək olar. Bu, bizə aid olan məsələ deyil. Biz heç bir futbolçunu milli komandaya dəvət edəndə onunla müqavilə imzalamırıq. Bütün bu məsələlərin hamısına klublar nəzarət edir. Biz onlara maaş vermirik, əmək müqaviləsi də olmur. Milli komandaya sadəcə Federasiyadan dəvət gəlir və onlar milli komandanın düşərgəsinə il ərzində 3 və ya 5 günlük, maksimum 1 həftəlik gəlirlər. Mert Çelik isə uzun müddətdir ki, milliyə dəvət almır”.

Günel Həsənova, Bizimyol.info