Pauerliftinq üzrə Macarıstanda keçirlən Dünya Çempionatı azərbaycanlı idmanlılar üçün yetərincə uğurlu alınıb. Dünya Pauerliftinq Alyansı (WPA) versiyasına görə baş tutan birincilikdə bizim idmançılar həm xeyli qızıl medal qazanıblar, həm də dünya rekordlarına imza atıblar.
Bizimyol.info xəbər verir ki, Macarıstanın Lakitelek şəhərində keçirilən Dünya Çempionatında Azərbaycan komandasının rəhbəri Vüqar Namazov xüsusi uğur əldə edib. O, 140+ kq çəki dərəcəsində həm açıq, həm də master kateqoriyasında 335 kq nəticə ilə hamını geridə qoyub. Bu eyni zamanda dünya rekordunun təzələnməsi deməkdir.
İlkin Namazov bu çəki dərəcəsində gənclər arasında çempion olub. İdmançımız açıq kateqoriyasında ikinci olsa da, deadlift hərəkətində rəqiblərini üstələyib.
Seymur Quliyevin çıxışı da yüksək səviyyədə alınıb. 110 kq çəki dərəcəsində yarışan Azərbaycan təmsilçisi həm açıq, həm də master kateqoriyalarında birincilik qazanıb. O, 325 kq-ın öhdəsindən inamla gələrək dünya rekordunu da əldən verməyib.
Komandanın gənc idmançısı Toğrul Əmirli isə 110 kq çəki dərəcəsində gənclər arasında 1-ci yeri tutub.
Təəssüf ki, Ramil Əhmədov diz nahiyəsindən ağır zədə alıb. Həmin epizoda sosial şəbəkələrdə rast gəlmək mümkündür. Onun əməliyyatdan sonra tez sağalacağına ümid böyükdür.
Bizimyol.info