İnformasiya və Kommunikasiya Texnologiyalarının inkişafı media və jurnalistikanın fəaliyyət prinsiplərini köklü şəkildə dəyişib. Bu gün xəbərin hazırlanması, yoxlanılması və auditoriyaya çatdırılması rəqəmsal texnologiyalar sayəsində daha sürətli və əlçatan olub. Süni intellekt, məlumat analitikası və sosial media platformaları jurnalistlərə yeni imkanlar yaratmaqla yanaşı, peşəkar məsuliyyəti də artırır.
- Süni intellektin media və jurnalistikada geniş tətbiqi gələcəkdə jurnalistin rolunu necə dəyişəcək?
Media eksperti İsmayıl Rafiqoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, süni intellektin tətbiqi jurnalistin rolunu artıq bu gün dəyişib: “Tərcümə xəbərinin, hansısa hesabatın hazırlanması, müsahibənin səs faylından yazıya çevrilməsi, məlumatın o an təqdim olunması, analitik materialların tələb olunan sıralamada tapılması kimi əvvəllər zaman tələb olunan işlərin operativ yerinə yetirilməsində süni intellektin köməyi danılmazdır. Hansısa fotonun əyər-əskiyini aradan qaldırmaq, sosial mediada paylaşım üçün poster hazırlamaq üçün də bu texnologiyadan gen-bol istifadə edilir”.
Ekspert bildirib ki, sosial media və rəqəmsal platformalarda yayılan dezinformasiyaların qarşısını almaq məsələsində İKT imkanları da genişlənib. Xəbərin yalan və ya doğru olduğunu həm xüsusi proqramların, həm axtarış sistemlərinin, həm də süni intellektin köməyi ilə anındaca yoxlamaq olar: “Məsələn, müasir dövrdə hansısa tanınmış şəxsin adından paylaşılan çoxlu sayda aforizmlər var. Süni intellekt bir neçə saniyəyə bu ifadənin həmin şəxsə aid olmadığını bildirə, hətta yaranma tarixçəsini də aşkarlaya bilər. Əvvəllər nəyisə aydınlaşdırmaq üçün günlərlə kitabxanada zaman keçirib məlumatın dəqiqliyini yoxlamalı olurdun. Hazırda bu proses sadələşib. Hər hansı qalmaqallı video paylaşılanda onu xüsusi proqramların köməyi ilə yoxlamaq olur. Yəni ilkin versiyanın nə zaman paylaşıldığını təyin edə bilirik. Əgər dəyişiklik edilibsə, süni intellekt proqramları bunu da təyin edə biləcək”.
İsmayıl Rafiq vurğulayıb ki, süni intellektin ziyanlı tərəfləri də az deyil: “Son tədqiqatlar yaşlı nəslin bu texnologiyadan daha effektiv istifadə etdiyini təsdiqləyir. Yəni daha fundamental, akademik təhsil almış insan üçün bu, böyük bir silahdır. Belə şəxs nəyin doğru, nəyin yalan olduğunu dəqiq təyin edə bilir. Əgər sistem onu aldatmağa çalışırsa, bir şey alınmayacaq. Yeni nəsil isə elə hər məsələni axtarış sistemində, süni intellekt proqramlarında yoxlamağa üstünlük verir.
“Google” qatığın qara olduğunu iddia edirsə, deməli həmin insan üçün bu elə də olacaq. Bu gün xeyli gənc hər dəfə elə internetdə axtarış edərkən məlumatın doğru və ya yalan olması barədə düşünmək belə istəmir. Öz beyninlə analiz etməyə ehtiyac qalmayıb. Bir sıra alimlər məhz insanın düşünmə qabiliyyətinin zəifləyəcəyindən ehtiyat edirlər”.
İradə Cəlil, Bizimyol.info






