Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köhnə ixtisaslar ləğv edilir, amma Çində…
Köhnə ixtisaslar ləğv edilir, amma Çində…

"Bir il sonrasını düşünürsənsə, toxum ək; on il sonrasını düşünürsənsə, ağac ək; yüz il sonrasını düşünürsənsə, insanları öyrət". Bu, Çin atalar sözüdür. Bu sitat təhsilin cəmiyyətlərin uzunmüddətli inkişafındakı rolunu çox təsirli şəkildə ifadə edir. Çinlilər atalar sözlərində olduğu kimi hərəkət edirlər. Belə ki, Çin universitetləri süni intellekt dövrünün tələblərinə uyğunlaşmaq məqsədilə ali təhsil sistemində genişmiqyaslı islahatlara başlayıb. Bu çərçivədə ölkə üzrə 12 minə yaxın “köhnəlmiş” hesab edilən ixtisas ləğv olunub və ya tədrisi dayandırılıb. Yenidənqurma prosesi bütün bakalavr proqramlarının 30 faizdən çoxunu əhatə edib. Nəticədə humanitar və dil yönümlü ixtisasların sayı azaldılaraq texnologiya, süni intellekt və innovasiya sahələrinə üstünlük verilib.

Rəsmi məlumatlara görə, 2021–2025-ci illər ərzində Çində 12 200 bakalavr ixtisası ləğv edilib və ya dayandırılıb. Eyni dövrdə əmək bazarının yeni tələblərinə uyğun olaraq 10 200 yeni ixtisas yaradılıb. Bu dəyişikliklər ölkənin yüksək texnologiyalar və süni intellekt sahələrində qlobal rəqabət qabiliyyətini artırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir...

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ali təhsil müəssisələri də müasir dövrün tələblərinə uyğun olaraq ixtisaslarını yeniləməlidir. Ekspertin sözlərinə görə, ölkədə bu istiqamətdə müəyyən addımlar atılıb, bəzi ixtisaslar ləğv olunub, yeniləri yaradılıb. Lakin bu dəyişikliklər hələ yüksək texnologiyalar və süni intellekt əsaslı istiqamətləri tam əhatə etmir.

Ekspert Qoşqar Məhərrəmov qeyd edib ki, dünyada, xüsusilə də Çində, ənənəvi ixtisaslar artıq yeni mərhələyə keçib. Məsələn, hüquq ixtisası süni intellekt əsaslı hüquq ixtisasına çevrilib, digər sahələrdə də texnologiya ilə inteqrasiya olunmuş yeni proqramlar yaradılıb. Onun fikrincə, Azərbaycanda bakalavr və magistr proqramlarının da bu istiqamətdə inkişaf etməsi üçün universitetlərlə əmək bazarı arasında daha sıx əlaqələr qurulmalıdır.

Qoşqar Məhərrəmov hesab edir ki, bu məsələ birbaşa ölkədəki texnologiya və innovasiya ekosisteminin vəziyyəti ilə bağlıdır. Əgər Azərbaycanda güclü texnologiya və süni intellekt ekosistemi formalaşarsa, universitetlər də öz proqramlarını həmin mühitin tələblərinə uyğunlaşdırmağa məcbur olacaqlar. Lakin belə bir tələb formalaşmadıqda, ali təhsil müəssisələrinin ixtisaslarını yeniləməsi də çətinləşir.

“Universitetlər sənaye ilə əməkdaşlıq edir, amma sənaye onlardan yüksək texnologiyalar sahəsində ixtisaslaşmış kadrlar tələb etmir. Nəticədə universitet məzunları çox vaxt öz sahələrində deyil, banklarda, marketlərdə və ya restoranlarda menecer kimi çalışırlar. Bu isə ölkədə texnoloji mühitin yetərincə inkişaf etmədiyini göstərir. Çində isə vəziyyət fərqlidir. Orada yüksək texnologiyalar istehsal olunur, böyük sənaye potensialı mövcuddur və universitetlər də məhz bu tələblərə uyğun ixtisaslar formalaşdırırlar”, – deyə ekspert bildirib.

Qoşqar Məhərrəmovun sözlərinə görə, Azərbaycanda da müəyyən dəyişikliklər baş verir. Lakin bu prosesin daha sürətli getməsi üçün həm universitetlər, həm də sənaye üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Universitetlərlə sənaye paralel inkişaf etdikdə və qarşılıqlı əməkdaşlıq gücləndikdə daha uğurlu nəticələr əldə etmək mümkün olacaq.

Qoşqar Məhərrəmov əlavə edib ki, hazırda Azərbaycanda elə 3-5 universitet var ki, onların yetişdirdiyi yüksək ixtisaslı kadrlar ölkədə öz potensiallarına uyğun iş tapa bilmirlər. Bu mütəxəssisləri qane edəcək əməkhaqqı və onların bilik-bacarıqlarından səmərəli istifadə edilə biləcək iş mühiti formalaşmadığından, ölkə həmin kadrları itirir.

Digər tərəfdən, bəzi universitetlər isə əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilmir. Ekspertin sözlərinə görə, bunlar daha çox ənənələri və tarixi olan, lakin yenilənmə prosesində geri qalan ali məktəblərdir. Həmin universitetlər bazarla daha sıx əməkdaşlıq etməli, proqramlarını əmək bazarının ehtiyaclarına uyğunlaşdırmalıdır.

“Bir çox hallarda nə ixtisaslar yenilənir, nə tədris olunan fənlərin məzmunu müasirləşdirilir, nə də müəllim heyəti dəyişir. Nəticədə tələbələr bakalavr təhsilini başa vurduqdan sonra iş tapa bilmirlər və ya universitetdə öyrəndikləri biliklərin əmək bazarında onlara fayda vermədiyini görürlər. Hazırda bu sahədə kifayət qədər təzadlı vəziyyət mövcuddur”, – deyə Qoşqar Məhərrəmov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Son xəbərlər
Bütün xəbərlər »