Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhali banklara depozit qoymağa meylli deyil
Əhali banklara depozit qoymağa meylli deyil

Ticarət mərkəzlərində, bazarlarda satıcıların, sahibkarların ümumi fikri belədir ki, əhalidə pul kütləsi azalıb. Yəni alış-veriş səviyyəsi aşağı düşüb. İnsanlar özünə daha çox pul xərcləməyi rəva görə bilmir. Onsuz da real gəlirlərin azalması sirr deyil. Nominal gəlirlərin artması çox da bir şey ifadə etmir. Çünki qiymətlər daha böyük sürət götürüb.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankının məlumatına əsasən, yetkinlik yaşına çatmış əhalinin cəmi 2,4 faizinin banklarda müddətli depoziti – əmanəti var. Dünya Bankının Fintex hesabatının dünya üzrə göstəricinin 4,5 faiz olduğunu bildirilir. Mərkəzi Bankın rəhbərliyi gileylənir ki, bizdə bankda əmanət yerləşdirmək istəyi yüksək deyil. Bankın araşdırmalarına görə, əhalinin 41 faizi yığıma meyillidir. Lakin banka etibar çox aşağıdır.

Xüsusilə, Qərb ölkələrində əhalinin banklarda əmanət yerləşdirmək payı 30 faizə çatır. Dünya üzrə orta göstərici aşağı ola bilər, amma Avropada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-də, Kanadada, Yaponiyada vəziyyət fərqlidir. Əhali özünə daha çoxunu rəva görə bilir.

Gələk Azərbaycana. Banklara etibar olmaması indinin söhbəti deyil. Son illər bu maliyyə qurumlarının sayında ciddi azalma olub. Bankların panika yaratdığı vaxtlara da az rast gəlməmişik. Məsələn, keçən il ABŞ dollarının qəbulunda problemlər yaradılmışdı. Bütün bunlar təsirsiz ötüşməyib. Depozit payı yüksək deyil.

Əmanətçilərin milli valyutaya daha çox üstünlük verməsi də qeyd olunur. Çünki xarici valyutalara manata nisbətən 4 dəfəyə yaxın az gəlir vəd olunur. Manata güvənilməməsi də ümumi etibarsızlıq mühiti yaradır. Əmanətçilər məhz daha çox gəlir əldə etmək üçün seçim zamanı yerli valyutaya üstünlük verir.

Bütün hallarda göstərici aşağıdır. Sosial-iqtisadi durumun yaxşılaşmaq əvəzinə pisliyə doğru dəyişməsi depozitlərdə də özünü göstərəcək. Real gəlirlərin azalması məhz belə statistikalarda xüsusi fərqlənir. Rəsmi rəqəmlər etiraf etməsə belə, işsizlik faizi artıb. Əksəriyyət gündəlik qayğıların öhdəsindən gəlməyə çalışır. Əhali yığım barədə əvvəlki qədər düşünə bilmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »