Nikah və doğum sayı barədə hər dəfə yazanda məlum olur ki, geriyə getmişik. Dayanmadan azalma qeydə alınır. Hər ay açıqlanan statistika vəziyyətin pisləşməyindən xəbər verir. Nikahların sayı yenə azalıb. Azərbaycan tarixinin ən aşağı göstəricilərindən biri qeydə alınır.
Bizimyol.info xəbər verir ki, 2026-cı ilin ilk dörd ayı ərzində 11 min 422 nikah rəsmiləşib. Keçən ilin eyni dövrü ilə müqayisə etsək, 23 faizə yaxın azalma görərik. Əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 3,4 olub. Belə nəticə axırıncı dəfə pandemiya vaxtı qeydə alınmışdı. İş orasındadır ki, 2020-ci ildə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı daha çox - 3,5 idi.
Əvvəlki illərə baxaq. Keçən il 48 min 546 nikah qeydə alınmışdı. Bu isə hər 1000 nəfərə düşən sayın 4,7 olması deməkdir. 2024-cü ildə isə bu göstərici 4,9 olmuşdu.
2006-2008-ci illərdə haqqında danışdığımız göstərici 9-u keçmişdi. 2011-ci ildə 9,7-ə çatmışdı. Məsələyə bu tərəfdən yanaşanda iki dəfədən çox azalmanın olması qənaətinə gəlirik.
2011-ci ildə 88 mindən çox nikah rəsmiləşmişdi. İndi bu rəqəmlərə baxanda dəhşətə gəlməmək mümkün deyil. Bu gedişlə ilin sonuna qədər nikah sayı heç 40 minə çatmayacaq. Hətta sayın 35 min civarında olması mümkündür. Ailə institutu sarsılmaz zərbə alıb, heç cür özünə gələ bilmir.
Ekspertlərin rəyini az qala hər ay yazırıq. Mövcud sosial-iqtisadi şərtlərlə başqa nəticə gözləməyə də dəyməzdi. Rəsmi işsizlik göstəriciləri həqiqəti əks etdirmir. İnsanlar çox çətin şərtlərlə yaşayır. Gənclər plansız ailə qurmaq istəmir. Onlar gələcəklə bağlı çox ümidsiz görünür. Təbii olaraq, evlənməyin də adını tutmurlar. Çünki onları çox çətin günlərin gözlədiyini başa düşürlər. Gənclərin ölkəni tərk etmək barədə heç vaxt olmadığı qədər düşünməsi də sosial yükün ağırlığına görədir.
Aytən, Bizimyol.info






