Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin “Mədəniyyət Günü” tədbiri təşkil olunub.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün, Milli Məclisin deputatı Cavanşir Feyziyev, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Fuat Kayhan, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, xarici işlər naziri Tahsin Ertuğruloğlu, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, tədbirin məhz İçərişəhərdə keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, İçərişəhər Azərbaycanın ən qədim yaşayış məkanlarından biri olmaqla yanaşı, milli-mədəni irsin daşıyıcısıdır. Deputat vurğulayıb ki, bu cür mədəniyyət tədbirlərinin tarixi məkanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Şimali Kipr Türk Cümhuriyyətinin turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu isə çıxışında son illər Azərbaycanla əlaqələrin daha da inkişaf etdiyini qeyd edib. O bildirib ki, keçmiş prezident Ersin Tatarın rəhbərliyi dövründə, eləcə də iş adamları və hökumət nümayəndələrinin iştirakı ilə iki qardaş ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Nazir parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımların dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Daha sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel tədbirin təkcə mədəniyyət bayramı olmadığını bildirib:
“Bu gün burada yalnız bir mədəniyyət tədbiri keçirmirik. Eyni zamanda qardaşlığımızı daha da gücləndirir, ortaq tariximizi və ortaq mədəniyyətimizi bir daha xatırlayırıq. Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlər sıradan əlaqələr deyil”, – deyə baş nazir qeyd edib.
Ünal Üstel Azərbaycan xalqını qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə də təbrik edib.
Baş nazir çıxışında Kipr məsələsinə də toxunaraq bildirib ki, adada iki ayrı xalqın, iki ayrı demokratiyanın və iki dövlətin mövcudluğu danılmaz reallıqdır:
“Kipr türk xalqı illərdir öz dövlətinə, demokratiyasına və siyasi iradəsinə sahib çıxır. İki dövlətli həll modeli artıq sadəcə siyasi fikir deyil, adada formalaşmış reallığın təbii nəticəsidir”.
O, Azərbaycanın Şimali Kipr türk xalqına göstərdiyi dəstəyin onlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Azərbaycan hər zaman Kipr türk xalqının yanında olub, haqq işimizə dəstək verib. Bu dostluğu heç vaxt unutmayacağıq”, – deyə Ünal Üstel bildirib.
Tədbir çərçivəsində İçərişəhər ərazisində Şimali Kipr türk xalqının milli mətbəx nümunələri nümayiş etdirilib. Qonaqlara ənənəvi yeməklər təqdim olunub, həmçinin Kipr türk musiqilərindən ibarət konsert proqramı təşkil edilib. Mədəniyyət Günü böyük maraqla qarşılanıb.
İradə Cəlil, Bizimyol.info






